əsasə
   
  xalq tabəbəti
   
  türkəçarələr
   
  dərman bitkiləri
   
  müalicə tədbirləri
Bayramlar
Matəm günlər
Adət və ənənələr
Xalq sənətkarlığı
Milli geyim
Xalq tabəbəti
Cari
     
   

Kosmetika və təravətləndiricilər

Müalicə tədbirlərinin siyahısı

Turp yemək üz rəngini yaxşılaşdırır. Yarpızı bişirib təpitmə qoymaq, dəfnə təpitməsi dəri ləkələrini aparır. Gəvən yağını dəriyə sürtmək onu yumşaldır. Üzə andız sürtmək onun rəngini saflaşdırır. Gül yağının sirkə və mərsin suyu ilə qatışığı, qərə qarşı və hərarətlə müşahidə olunan sızınaqlar üçün münasibdir. Hil tər qoxusunu və ağız iyini xoş edir. Darçın ağızın pis qoxusunu aparmaqla yanaşı fərəhləndirmə və ruhu yüksəltmək qabiliyyətinə malikdir. Keşniş çeynəmək şərabdan sonra ağız qoxusunu aparır. Kəklikotunun pis qoxuları yox etmək xassəsi var.
Təzə biyan yarpağının təpitməsi qoltuq iyini aparmaq üçün münasibdir. Tərxun, reyhan, nanə və yarpızın qoxuaparma xassəsi vardır.
Mumun tüstüsü havadakı üfunəti dəf edir. Topalaq ağzı xoş iyləndirir. Böyürtkən yarpağını çeynəmək və ya yetişmiş meyvəsini yemək ağız iyini aparır.
Xiyarı dəriyə sürtmək və ya onun təpitməsini qoymaq dərini yumşaldır. Balı şüyüdlə bişirib dərindəki zərbə izi və qotur yerlərini aparmaq üçün işlədirlər. Gilas və albalı ağacının yapışqanını təpitmə kimi qoymaq üz dərisini yaxşılaşdırır. Şirin nar yemək və ya narşərab işlətmək üz rəngini açır.
Palıd çubuğunu yandırıb çıxan suyu qaşı rəngləmək üçün münasib vasitə kimi işlədirlər. Qozun nazik çubuqlarını döyüb sirkəyə qoyur və yanağı qızartmaq üçün üzə sürtürlər. Kəklikotu çiçəyinin mürəbbəsi üzü qəşəngləşdirir.
Yumurta ağını gün yanığına sürtmək yanıq izlərini aparır. Üzü gözəlləşdirmək üçün mixəyi xiyar suyunda isladır, bir gün sonra həmin suyu bal şərbəti ilə içirlər. Buğda yanığını mum və gül yağı ilə qatıb sürtmək üzü şəfəqləndirir və çilandırır. Göyərçin yumurtasını üzə sürtmək onun rəngini təravətləndirir. Cirəni bişirib şəkərlə yemək hamilə qadınlar üzünün rəngini yaxşılaşdırır.
Yasəməndən düzəldilən təpitmə üzü təravətləndirir və qızardır. Cücə əti yemək üz rəngini saflaşdırır. Küncüddən düzələn təpitmə dərini yumşaldır, ləkələri aparır. Dəmirtikanın suyunu küncüd yağında qaynadıb üzə sürtmək onun rəngini yaxşılaşdırır.
Dəriyə qulluq. Dəriyə qulluq etmək təkçə onun zahiri cəhətlərini yaxşı saxlamaq üçün deyir, həm də bədənin ümumi sağlamlığını qorumaq baxımdan faydalıdır. Dərinin yaxşı qalması üçün dar paltar keyməkdən çəkinməli, hamamdan sonra bədəni möhkəm qurulamaq və qətfə ilə sürtmək lazımdır. Bununla qan dövranı yaxşılaşır.
Üzdə olan əzginlik, yorğunluq və qırışları aradan götürmək üçün, xörək qaşığının yarısı qədər razyana toxumunu döyüb toz halına salır, sonra üzərinə qaynar su tökür, üzü onun buxarına verirlər. Buxarın yaxşı tə”sir etməsi üçün üzün ətrafını dəsmal ilə tuturlar. Dərinin yaxşı və cavan qalması üçün 2 qaşıq balı 1 qaşıq zeytun yağı ilə qatıb üzə yaxır və bir müddət saxlayırlar. Üzü yuduqdan sonra dərini yumşaltmaq üçün badam yağı sürtürlər.
Qadınlar boyun və çiyin dərisinin gözəlliyini, lətafətini qoruyub saxlamaq üçün qış zamanı portağaldan istifadə edə bilərlər. Onun dilimlərini dəriyə sürtmək lazımdır. Yerkökü yemək təkçə dəri üçün deyil, insanın sağlamlığı və bədənin cavanlığı üçün çox faydalıdır. Yerkökünün şirəsi həssas və zərif dərini möhkəmləndirir, qırışmanın qarşısını alır. Dərinin təravətini və cavanlığını qorumaq üçün xuyar və kahı şirəsini dəriyə sürtmək məsləhət görülür.
Dərinin yumşaqlığını saxlamaq üçün 50q üzüm suyunu, 100q şirin badam yağı və 50q mumla bir-birinə qatıb saxlayır, hər dəfə lazım olduqda onu isidir və dəriyə yaxırlar. Əlin dərisini yumşaq və ağ qalması üçün kartofu əzib xəmir şəklində salır, sonra ona bir qədər süd və gülab qatıb ələ sürtürlər. Üz dərisinin yumşalığı üçün, 50q alt qabığı soyulmuş şirin badamı həvəngdəstədə narın halda döyür və 250q xiyar suyunu ona qatırlar. Sonra qatışığı parçadan keçirərək süzür, azacaq gülab əlavə edib üzü onunla yuyurlar.
Yağlı dərisi olanlar təzə limon şirəsini pambığa hopdurub, dərini sürtükdə yağlılıq azalar. Şirə ilə dərini sürtükdən sonra onu silmək olmaz, dəri havada öz-özünə qurumalıdır. Bir qədər çiyələyin süzgəcdən keçirilmiş şirəsini, çalınmış və durudulmuş yumurta ağı ilə qarışdırırlar. Sonra məhlula 20 damcı gülab töküb onu bir daha möhkəm qarışdırır, məhlulu pambığa hopdurub üzə sürtür və 1 saat saxlayırlar.
Dərinin rənginin xoş olması və tərəvətli qalması həm də bədənin ümumi sağlamlığına dəlalət edir. Qara ciyərin sağlam olması, qanın təmizliyi və saflığı insanın rənginə də tə”sir göstərir. Bədən tərəfindən lazımi qida maddələri alınmadıqda, dəri öz təravətini və gözəlliyini itirir. Dərinin xarablaşmasına tə”sir göstərən amillərdən içməli suyun təmiz olmaması, iqlimin sərtliyi, həddən çox yemək və ya lazımi qədər qidalanmamaq, yuxunun pozulması, acı və turş yeməkləri çox işlətmək, çox isti və soyuqda qalmaq, təmizliyin qorunmaması və s. göstərmək olar.
Meyvə-tərəvəz, göyərti, şərbət və şirələr qida rejimini tənzimləyir, qanı təmizləyir və beləliklə də dərinin təravətli qalmasına kömək edir. Quzu ətini ədviyyə, keşniş və ispanaqla bişirib yemək, süd içmək, təzə və şirin meyvələr, yemiş, qarpız, alma, nar, ərik, reyhan, nanə yemək, təzə və ətirli güllər iyləmək, gülab işlətmək dərinin yaxşı qalmasını tə”min edir. Dərinin təravətinin qorunması üçün həm qida maddəsi kimi, həm də dəriyə sürtmək üçün süd və baldan istifadə edirlər.
Başın dərisinin yağlılığına qarşı mazı, üzün yağlılığına qarşı isə düyü unu işlədirlər. Düyü ununu hazırlamaq üçün düyünü 2 gün suda isladır, suyu çəkilməkdən ötrü parça üzərinə sərirlər. Bundan sonra onu üyüdür, qurumaq üçün yenidən sərirlər. Unun dəriyə tez yapışmasından ötrü, qabaqcadan üzü azca isladırlar. Bu yolla üz dərisinin yağlılığını aradan qaldırmaq olur.
Üzün yağlılığının və solğunluğunun bir səbəbi də qara ciyərin xəstə olması və qan tərkibinin dəyişməsidir. Buna qarşı kasnıdan və ya at pıtrağından daha çox istifadə edirlər. Onun yarpağının suda qaynanmışa qanın şəkərini aşağı salır, kökü isə qanı safnaşdırır, qara ciyəri tənzimləyir. Kasnı və at pıtrağını ayrı-ayrı istifadə etmək məsləhətdir.
Dəri ləkələrini təmizləmək üçün dəniz sahilində olan yüngül sədəfdən istifadə edirlər. Bunlar balıq öləndən sonra dənizdə yaranır və sonra dalğalar onu sahilə çıxarır. Onun tərkibində müxtəlif duzlar olur. Buna görə də sədəfi sirkədə və ya limon şirəsində həll edib dəri ləkələrini təmizləməkdə işlədirlər. Bu baxımdan faydalı vasitələrdən biri də gülnardır. Gülnar barsız nar ağacına deyirlər, onun iri və qəşəng gülləri vardır. Bu gülləri döyüb özü miqdarda döyülmüş sədəfə qatır, limon şirəsində həll edərək gündə bir neçə dəfə dəri üzərinə yaxırlar.
Saç tökülməsinə qarşı vasitələr. Saç tökülməsinin səbəbləri müxtəlifdir. Adətən orqanizm lazımi qida maddələri ilə tə”min olunmadıqda, bə”zən isə xəstəlikdən sonra tüklər sür”ətlə töküləməyə başlayır. Saçın tökülməsinin qarşısını almaq üçün ilk növbədə yaxşı qidalanmaq lazımdır. Bundan əlavə keçmişdə bir sıra profilaktik tədbirlərdən də istifadə etmişlər. Faydalı vasitələrdən gəvən yağı və yumurta sarısını göstərmək olar. Yumurta sarısından saçı quru olanlar, noxud suyundan isə saçı yağlı yağlı olanlar istifadə edirlər. Saçlara sürtmək üçün, xırda yemişin tumları ətrafənda olan xəmir kimi selikli maddədən də istifadə etmək olur. Onu əl ilə saça sürtür və bir saat saxladıqdan sonra ilıq su ilə yuyurlar. Saçı möhkəmləndirən vasitələrdən biri də gicitkəndir. Onu başqa göyərtilər kimi bişirib yeyirlər.
Keçmişdə əttarlar bədən üçün dörd ünsürün əhəmiyyətini göstərmişlər, saçların tökülməsini də bu dörd ünsürün münasibətində olan tarazlığın pozulmasında görmüşlər. Səfra, bəlğəm, sövda və qan arasında tarazlığın qida maddələri ilə tənzimlənməsi saçların, sağlamlığının əsas şərti hesab edilir.
Ümumiyyətlə, saç üçün düzəldilən mə”cunların tərkibində, adətən şahtərə, mixək, mazı, xına, palıd, mərsin, müşk və s. işlətmişlər. Orqanizmi və saçları möhkəmləndirmək üçün bal və başqa istilik gətirən vasitələr (püstə, fındıq, balıq, kürüsü və s.) işlətmək məsləhət görülür. Saç üçün faydalı olan vasitələrdən mərsin yağı və ətirli ladan yağını göstərmək olar. Xınadan həm boyama, həm də saçları qüvvətləndirən bir vasitə kimi istifadə edirlər.
Saçı qaraltmaq üçün daha çox vəsmədən istifadə olunur. Bir sıra hallarda saçı əvvəlcə xına ilə, sonra vəsmə ilə rəngləyirlər. Bə”zən isə bir hissə xınaya iki hissə vəsmə qatıb saça çəkirlər. Çobanyastığı çiçəklərinə özü bərabərində xınaya qatıb işlətdikdə saç qızılı rəng alır. Qozun qərzəyi və kökündən də saçları möhkəmləlndirməkdə və rəngləməkdə istifadə edirlər.
Yumurta sarısını dəmir tavada od üzərində yanmaq həddini keçənə qədər bişirməklə alınan yağı saça sürtmək onu bərkidir və yeni tük bitməsinə kömək edir. Ardıcın meyvəsini döyüb yumşaldır, sirkə ilə qatıb xəstəlikdən sonra tük tökülməsinə qarşı başa sürtürlər. Bənövşə yağı sürtmək tük tökülməsinə qarşı münasib dərmanlardan biri sayılır. Bu baxımdan çuğundurun çiy yarpağını təpitmə kimi qoymaq da faydalıdır. Narın içini çıxarır, oraya ayı piyi və o qədər də zeytun yağı töküb isidir, saç tökülməsinə qarşı başa sürtürlər. Dovşan piyi sürtmək, qoz yağı sürtmək, çirişi sirkəyə batırıb saça sürtmək də yaxşı tə”sir göstərir, müntəzəm turp yemək, qara noxudun yağı təklikdə və ayı piyi ilə tükü bərkidir. Dəfnə yağı tük tökülməsinin qarşısını alır. Ayı ödü, bal və istiotu yaxşıca qarışdırıb, 5 dəfədən az olmayaraq sürtmək tük bitməsinə kömək edir.
Xardaldan hazırlanmış təpitmə tük tökülməsinin qarşısını alır. Qamış kökünün qabığını yandırıb, o qədər də xına ilə qataraq saça yaxmaq tükləri bərkidir və tük bitməsinə kömək edir. Çöl zeytunun yağı tük qaralığını saxlayır. Saqqızağacı meyvəsinin yanmışından düzəldilmiş təpitmə tük bitirəndir, yağı isə tükü bərkidir. Onun qurumuş yarpağı yağ və sirkə ilə saçı uzadır və bərkidir.
Kəndəlaş meyvəsini bişirib sürtmək saçı qaraldır və tökülməsinə mane olur. Böyürtkənin yarpaq və meyvəsini qaynadıb başı yumaq, üzərliyin qaynanmış suyu, mərsin toxumunun, bişirmişlən düzəldilən təpitmə, onun yarpağından alınan yağ, mazı suyu da tükləri qaraldır. Akasiyanın yarpaq və meyvəsi də rəngləyici xassəyə malikdir. Sidr ağacı yarpağının tükü bərkitmək və onun tökülməsinin qarşısını almaq qabiliyyəti vardır. Mərsin yarpağının suyu ilə saçı yumaq tökülməyə qarşı tə”sirlidir. Şam ağacından çıxan duru rütubəti, dörddəbiri qədər qatranla qatıb qaynadır və qaynanan əsnada buxarından alınan rütəbəti yuna hopdurub, ondan arpa unu ilə təpitmə hazırlayır, tük bitməsi üçün istifadə edirlər. Xınanı qatran və zeytun yağı ilə işlətmək tük bitməsinə çox tə”sirlidir. Narın qabığını bişirib təpitmə düzəldir, baş sızağını aparmaq və tükü yumşaltmaq üçün işlədirlər.
Səpişmə və ləkələr. Dəridə olan qaşınma və sövda adlı səpməni aradan qaldırmaq üçün, bir sıra təbii vasitələrdən istifadə etmişlər. Təzə balqabaq yarpağından hazırlanan təpitmə bu baxımdan faydalıdır. Hulu tumundan həzırlanan yağı köpməcələr üzərində sürtmək yaxşı tə”sir göstərir. Təzə qozun şirəsini çıxarıb, sövda səpmələri üzərində sürtməklə onu müalicə etmək olar. Bu baxımdan təzə ispanaq yarpağının, zeytun yağında bişirilmişindən hazırlanan təpitmə də faydalı hesab edilir. Bunun üçün 10q limon cövhərini qaynar suda həll edərək, gündə 3 dəfə sövda, səpməsinin üzərinə çəkmək məsləhətdir. Səpişikli qaşınma zamanı, qoz ağacının yarpağından və palıd qabığının qaynanmışından da istifadə edirlər.
Gicitkəni qaynadaraq pambıq və ya yumşaq parçanı isladıb, qaşınan səpişik yerinə sürtürlər. Qaşınma, dəri səpişikləri zamanı dərinin normal inkişafı və gigiyenası üçün, xiyar şirəsindən də istifadə etmək yaxşı nəticə verir. Dəri səpişikləri və qaşınması olanların, limon şirəsi və abqora içməsi məsləhətdir. Keçmişdə belə xəstələr həmçinin gül mürəbbəsindən, iskəncəbidən istifadə edir, kükürdlü və ya qatranlı sabunla bədənlərini yuyurdular.

 
Copyright © 2003-2007 Nigar Babazade. All rights reserved.