Ağ-ciyər
xəstəlikləri
Müalicə
tədbirlərinin siyahısı
Ağ ciyərin iltihabı
zamanı sinə ağrılarını kəsmək
üçün, lavandanı qaynadıb suyunu içirlər.
Bu zaman sinəyə nərgiz yağı sürtmək
də müsbət tə”sir göstərir. Gül
yağını arpa horrası ilə qatıb
yemək iltihaba qarşı xeyirlidir. Bu zaman susuzluğu
yatırmaq üçün şirin nar şirəsi
içmək faydalıdır. Sədəfotunu quru
şüyüd ilə qaynadıb içmək
iltihab və yara üçün yaxşı əlacdır.
Ispanaq yemək bəlğəmli iltihaba qarşı
çox yaxşıdır. Ağ ciyərdə
köhnə yara olarsa, hər səhər yarım
çay qaşığı qatran içmək lazımdır.
Ağ ciyər iltihabı, sinə yarası və
vərəm əleyhinə, ulaq südü ən
tə”sirli və sınanmış dərmanlardan
sayılır. Ağ ciyər vərəmi üçün
ən yaxşı, sınanmış dərmanlardan
biri də kirpi ətidir. Bu cəhətdən təzə
ana südü də çox faydalıdır. Temperaturlu
iltihab zamanı inək südünü bişirib,
ilıq halda içmək çox faydalıdır.
Paxladan alınmış unu gül yağı
ilə qatıb içmək, plevrit və sətəlcəmə
qarşı faydalı dərmandır. Bu zaman razyana
toxumunu və ya kökünü qaynadıb içmək
böyür ağrısını sakitləşdirir.
Xına yarpağı, ağ mum və gül yağından
abarət tərkib düzəldib ağriyan yerlərə
yəpitmə qoymaq da yaxşı tə”sir göstərir.
Bənövşə şərbəti sətəlcəm
və plevrit üçün xeyirlidir.
Ağciyər xəstəlikləri zamanı 30q
kərəviz yarpağını, bir qədər
süd əlavə edilmiş 1L suda qaynadıb
işlətmək məsləhətdir. Bu zaman
kələm, yerkökü, kahı və bitki
yağı işlətmək, 10q təzə kəklikotunu
dəmləyib istifadə etmək münasib sayılır.
Həmçinin 30q şalğamı 1L suda və
ya süddə qaynadır, bir qədər də
şəkər qatıb işlədirlər.
Ağ ciyər narahatlığı zamanı səhərlər
acqarına kök şirəsi içirlər. Onu
təklikdə və ya südlə işlətmək
olar. Profilaktik tədbirlərdən biri də zeytun
yağı işlətməkdir. Bir qaşıq
quru neylufər çiçəyini 1 fincan qaynanmış
suda dəmləyib, gündə 2 – 3 dəfə
içirlər. Bənövşə də bu baxımdan
faydalı hesab edilir. Əncir, xurma, kişmiş
və innab ağ ciyər üçün münasib
meyvə kimi tanınır. Onları eyni miqdarda
götürüb 1L suda qaynadaraq istifadə edirlər.
Bu baxımdan əncirin əhəmiyyəti daha
çoxdur, onu südlə işlətmək məsləhətdir.
Qanlı öskürək. Bu zaman
yulğun saqqızı çeynəmək faydalıdır.
Yumurta ağını ilıq halda içmək
tə”sirli vasitələrdən biri hesab edilir.
Nar çiçəyinin suyunu ilıq halda içmək
də müsbət tə”sir göstərir. Nar
qabığını yandırıb döyür,
onun ununu sirkə ilə qatıb xəstənin
sinəsinə sürtürlər. Faydalı dərmanlardan
biri də keçi, dəvə və qiyun südüdür.
Nanə suyunu sirkə ilə qatıb içmək,
qanlı öskürəyə qarşı yaxşı
dərman hesab edilir. Abqora da eyni tə”sirə malikdir.
Qanlı öskürmə iltihab prosesi ilə yanaşı
baş verərsə, gülxətmi toxumunu qaynadıb
içmək lazımdır. Qaynadılmış
və yaxud közdə bişirilmiş heyva daha
xeyirlidir.
Bronxit. Bənövşə çiçəyinin
qaynanmışı bronxitə qarşı faydalıdır.
Bunun üçün 50q qurudulmuş çiçəyi
1L suda od üzərində qızdırır,
qaynamağa başlayan kimi götürüb bir
müddət dəmə qoyur, sonra onu bal ilə
bir qədər şirinləşdirib işlədirlər.
Bronxit zamanı quru xaşxaşın qabığını
(10 q-dək) 200q suda 5 dəq qaynadır, sonra süzərək
bal qatıb şirinləşdirir, gün ərzində
ondan az-az içirlər.
Su tərəsi bəlğəmgətiricidir və
bronxit üçün məsləhətdir. Sinəni
yumşaltmaq üçün əncirdən də
istifadə edirlər. Gülxətminin, kəklikotunun
dəmlənib içilməsi xəstəyə
yaxşı tə”sir göstərir. Bronxit zamanı
zeytun yağından, süddən çox istifadə
etmək lazımdır. Şirinbiyanın kökünü
qaynadıb işlətmək də bronxları
səkitləşdirir və öskürəyi
azaldir. Kələmin iri, bərk yarpaqlarını
od üzərində bişirir, gündə 3 dəfə
sinə üzərinə döşəyib yun
parça ilə bağlayırlar. Şiddətli
bronxitə belə təpitmənin tə”siri böyükdür.
Astma və nəfəs yolları.
Çiyələk yarpağını qaynadaraq şirinbiyanla
işlətmək astma zamanı faydalıdır.
Zirinc şərbəti böhranlı təngnəfəslik
zamanı məsləhət görülür.
O, xəstəliyin şiddətini zəiflədir,
nəfəsalmanı sakitləşdirir, tənzimləyir.
Şərbət belə hazırlanır: 500q təzə
dərilmiş zirinci 2–3 saat ərzində, 2L suda
isladır, sonra şirəsini çıxarıb
500q şəkər qataraq mülayim od üzərində
şəkər həll olunana qədər saxlayırlar.
Qaynamamışdan qabağ onu götürmək
lazımdır. Həmin şirəni süzür,
bir qədər də qaynanmış su ilə
qatır, alınan şərbəti gündə
3 dəfə, hər dəfə 30 – 150q olmaqla
işlədirlər.
Astma zamanı limon işlətmək də faydalı
sayılır. Bir sıra hallarda isə portağal
pəhrizindən istifadə edirlər. Çox yağlı
xörəklərdən, yağlı ətdən
pəhriz saxlamaqla ardıcıl olaraq bir müddət
portağal şirəsini limon şirəsi ilə
qatıb işlətmək məsləhət görülür.
Həmin şirəyə azacıq şəkər
və ya bal qatmaq daha yaxşıdır. Lavandanın
çiçəyinin dəmləməsi də bu
baxımdan əlverişlidir. 10q çiçəyi
1L qaynar suda dəmləyir, bir qədər də
bal qatıb hər gün yemək arasında 1
fincan içmək məsləhət görülür.
Başqa məsləhətdər: 1 qaşıq
razyanı 1 fincan qaynanmış suda 10 dəq dəmləyib
bir qədər bal qataraq işlətmək olar.
Öskürəkli astma zamanı bölğəm
gələrsə, 1 həftə kərəviz
suyu içmək lazımdır. Kərəviz şirəsini
limon şirəsi ilə qatıb, gündə
yemək arası 3 dəfə işlədirlər:
60 q qurudulmuş kökünü 1L yarımqaynar
suda 12 saat saxlayır, sonra süzüb bir qədər
bal qataraq hər gün yeməkdən qabağ
1 fincan içirlər.
Yerkökü şirəsi, süd, cə”fəri
və kahı da təngnəfəslik zamanı
işlədilə bilər. Portağal qan dövranı
və nəfəsi təmizləyir. Şirin limon,
qovrulmuş xiyar və kahı tumu, balqabaq aşı
nəfəs yolları üçün faydalıdır.
Heyva mürəbbəsi öskürəyi sakitləşdirir,
sinəni yumşaldır və nəfəsalmanı
yaxşılaşdırır. Təzə kicitkən
yarpağını bişirib yemək sinə və
nəfəs yolları üçün xeyirlidir.
Nəfəs yollarının təmizlənməsi
üçün gülxətminin dəmləməsindən
istifadə etmək məsləhətdir.
Bir neçə damcı limon şirəsini ovucun
içinə damcıladıb buruna çəkmək,
sonra burunun içini kərə və ya bitki yağı
ilə yağlamaq baş zökəminə qarşı
faydalı hesab olunur. Nərgiz çiçəyini
iyləmək soyuqdəymənin qarşısını
alır. Qış zamanı çoxlu şalğam
işlədənlər tez-tez soyuqlamazlar. Zökəm
və soyuqdəymənin müaicəsi üçün
istifadə etmək məsləhət görülür.
Qızdırma və tərləmə.
Bədəndə qızdırmanın olması
onun xəstəliyə qarşı müqavimət
göstərməsini sübut edir. Orta əsr təbabətində,
qızdırma hallarında bir sıra təbii
vasitələrdən istifadə edilir. Ümumiyyətlə
həkimlər hər şeydən əvvəl,
bədəndə olan suyun – mayenin tarazlığını
qoruyub saxlamağı məsləhət bilirlər.
Tərləmə zamanı bədəndən maye
ifraz olunur ki, bunun da müqabilində bədən
həmin miqdarda maye qəbul etməlidir. Başqa
bir tərəfdən bədən müqavimətini
güçləndirən qida maddələri işlətmək,
rahat və yumşaq yataqdan istifadə etmək
məsləhətdir.
Növbə ilə təkrarlanan qızdırmalar
zamanı limon şirəsi içmək faydalıdır.
Portağal və naringi şirəsi də qızdırma
hallarında xeyirlidir.
Qızdırması olanlar moruq şərbəti
içməlidirlər. Bu şərbəti hazırlamaq
üçün, 500q moruğa bir az şəkər
qatıb mülayim od üzərində bir qədər
bişirir və süzürlər.
Çiyələyi sıxıb şirəsini bir
az su ilə qatışdırır, iltihabla bağlı
olan qızdırma zamanı içirlər. Şirin
biyanın kökünü suda bişirib yemək
qızdırmanı yatırır, bu xüsusilə
zökəmdən olan qızdırma üçün
faydalıdır.
Zökəm və qızdırma zamanı çobanyastığı
çiçəyindən istifadə etmək çox
tə”sirli vasitələrdən biridir. 100q qaynar
suda 1 xörək qaşığı quru çobanyastığı
çiçəyini bir müddət dəmə
qoyur, sonra süzüb təmizləyir, bir qədər
bal və ya nabat ilə şirinləşdirib,
hər 2–3 saatdan bir fincanın üçdə biri
qədər içirlər.
Bədmüşkün çiçəyi, yarpağı
və hətta qabığı, qızdırmanı
aşağı salmaq xassəsinə malikdir. Qızdırma
hallarında 10q kəklikotunu 1 fincan qaynar suda dəmləyib
içmək xeyirlidir. Tez-tez dəyişən qızdırma
zamanı yabanı kasnının kökündən
20–30q 1L suda qaynadıb içir, üçgündən
bir təzələnən qızdırma zamanı
isə təzə kasnını sıxıb, suyundan
5 gün ərzində hər gün acqarına
1 fincan içirlər. Qızdırma tamamilə
kəsilməyincə turş şey yeməkdən
pəhriz saxlamaq, sadə xörəklər (düyü,
aş, süd, firni, umac və s.) yemək lazımdır.
Tərləmə nəticəsində bədəndə
olan bir sıra lazımsız maddələr ifraz
olunduğundan, bədəni limon ilə masaj etmək
dəridəki məsamələri fəallaşdırır
və tərləmə prosesinə kömək
edir. Tərləmək üçün moruqdan istifadə
etmək, çətinliklə tərləyənlər
üçün limon şirəsini bal ilə qatıb
işlətmək lazımdır. Zəncəfil
də tərlətmə xassəsinə malikdir.
Bunun üçün 4–8 q zəncəfili 0.5L suda
10 dəq dəmləyib içirlər. Tərləmək
üçün boymadərən, cökə ağacının
çiçəyi də faydalıdır.
Əlləri nəm olan və tez-tez tərləyən
adamlarda qan azlığı vardır. Belələri
əllərini qoz ağacı yarpağının
dəmləməsi ilə yumalıdırlar.