əsasə
  bayram
  qonaqpərəstlik
  toy mərasimi
  melodiyalar
  rəqslər
  ölüm və dəfn
  yas
  inanclar
  fallar
Bayramlar
Matəm günlər
Adət və ənənələr
Xalq sənətkarlığı
Milli geyim
Xalq tabəbəti
Cari
   
 
Böyük nişan

Bəlgədən bir neçə ay sonra böyük nişan gətirirlər. Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün hər nə lazımdır alıb gətirirlər. Təkcə ayaqqabıdan başqa. Deyirlər ki, ayaqqabı darlıqdır. Onu da alırlar. Ara günlərdə qaynana qızın yanına gələndə gətirir.
Nişanda bütün xərci çox vaxt oğlan evi göndərir. Ət, yağ, un, düyü, göyərti, bir sözlə, soğandan başqa hər şey. Soğan acılıqdır.
Oğlan evi nişanı, qırmızı lentlə bəzədilmiş xonçalarda və çamadanlarda gətirirlər.
Hamı yeyib – içib, şənlənəndən sonra süfrə yığıçır. Qızı oturdurlar yuxarı başda. Qabağına güzgü qoyurlar, şam yandırırlar. Xonçalarıda düzürlər dövrəsinə. Bundan sonra oğlan yengəsi /qardaşı arvadı/ xonçanın üstünə nəmər atır. Qız yengəsidə gəlib nəmər atır. Bundan sonra oğlanın bacısı başlayır gətirilən şeyləri nümayiş etdirməyə. Oturanlar da birağızdan “mübarəkdir” söyləyirlər. Sonra nişanda gəlmiş ətirlərdən birini götürüb, verirlər oturanlara, hamı onunla ətirlənir.

Xonça gətirmə

Nişandan sonra qız kimin toyuna, şaxına getsə onun adına xonça gətirirlər. Burada qızlar oturur bir tərəfdə. Bu zaman qaynana əlində xonça oynaya – oynaya girir məclisə. Gəlir gəlinin qabağına.
Alnından öpüb onu qalxızır və xonçanı qoyur onun yerinə. Qızı oynadır. Bundan sonra baldız, qayın, elti və bəy gəlini oynadırlar.

Bayramliq

Toya qədər bütün bayramlarda qıza bayramlıq gətirirlər. Bunlardan ən maraqlısı novruz bayramlığıdır. Bu bayrama qaynana həvəslə hazırlaşır. Ya axır çərşənbə, ya da bayram axşamı gəlinə bayramlıq gətirirlər. Burada qıza qırmızı rəngli paltar, ya yaylıq, bir zinət, başına xına qoyulmuş buynuzlu qoç gətirirlər. Bundan başqa şəkərbura, paxlava, qatdama, qoz – fındıq, innab, xurma ilə dolu xonçalar, şamlarla bəzədilmiş səməni və səbətlər gətirirlər. Gəlinin başına, əlinə, ayağına xına qoyurlar.

Danişiğagəlmə

Bir gün oğlanın atası qız evinə xəbər göndərir ki, sabah danışığa gəlirik, evdə olun.
Səhərisi gün oğlan tərəfdən əmi, dayı, ata və başqa yaxın adamlar, qohumlar iştirak edirlər.
Bu məclisdə çox vaxt kişilər iştirak edir. Burada qızın, bacılığının və oğlanın qardaşlığının ataları da iştirak edir.
Danışıqda toy günü təyin olunur. Çalğıçının kim olacağı, toyu kim aparacağı müəyyənləşdirilir.
Toyda xərci oğlan evi verir. Bəzən qız atası xərc istəmir. Ancaq oğlan evi qız toyuna bacardığını göndərir.
Danışıb razılığa gələndən sonra bir – birlərinə xeyir dua verib ayrılırlar.

Cehiz

Toydan iki – üç gün əvvəl gəlinin cehizini gətirirlər. Bunu gəlinin qardaşları, əmisi, dayısı, bibisi, xalası oğlanları, bəyin dostları və “qardaşlığı” gətirirlər. Ana gəlinin cehizini düşürmək üçün gəlinin qardaşına nəmər verir.
Sonra gəlinin yengəsi, bacısı evi bəzəməyə gəlirlər. Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə qırmızı lent bağlayırlar. Qaynana evi bəzəyənlərə də xələt verir.

Fətirüstü

Artıq qız evində toy tədarükü görülür. Qab – qacaq yığılır. Fətir bişirilir, səhər tezdən ocaqlar qalanır. Qadınlar başlayırlar fətir bişirməyə. Cavan qızlar fətir bişirənlərər qulluq edirlər.
Oğlan evindən də bir dəstə qadın, başda oğlanın anası, gəlirlər qız evinə. Fətir bişirənlərə xələt verirlər. Axşam heyvan kəsilir. Cavanlar yığılıb içalat kababı bişirirlər, “baş – ayaq asırlar”.
Mağar qururlar. Oturacaqlar düzürlər.Mağarı xalça – palazla bəzəyirlər. Sabah üçün bütün işləri görüb qurtarırlar.

Çö rəkbişdi

Toy günündən üç gün qabaq seçmə qadınlar, qız – gəlinlər yığışıb oğlan və ya qız evinə “çörəkbişdi”yə gəlirlər.
Xamır yoğrular, kündə kəsilər, yuxa, lavaş yayılar bişirilərdi. İlk bişən çörək oğul və ya qız anasına verilərdi. “Süfrəniz bərəkətli, çörəyiniz isti olsun”, deyilərdi.

Paltarbiçdi

Toydan qabaq qız evində “paltarbiçdi olardı”. Paltarbiçdidə gəlinin adına alınmış bütün hədiyyələr oğlanın bacısı tərəfindən bir – bir göstərilir. Bu məclisdə ancaq qadınlar iştirak edərdi. Nəyi göstərirdilərsə, məclis əhli hamısına “Allah xeyir versin”, “oğullu – qızlı olsunlar”, “qoşa qarısınlar” və s. xeyir duaları verərdilər. Qız anası paltarları göstərənə hədiyyə verərdi.
Qohum - əqraba qıza aldığı hədiyyəni göstərər, sonra xüsusi kiçik torbalarda hazırlanmış şirniyyatdan götürərdilər. Sonra qız bacısı gəlinin ata evindən aparacağı cehizi göstərərdi. Cehizlər oğlan evinə aparılar və gəlin otağı bəzənərdi. Ev bəzəyən qızlara oğlan anasından xələt verilərdi. Hamı şənlənərdi.

Qiz şaxi

Hər qızın yaxın rəfiqəsi, bacılığı var. Kimin toyu oldu, bacılığı “şax” qaldırır. Şaxqaldırma geniş yayılmış bir adətdir. Şax taxtadan düzəldilmiş üstünə güzgü, şam, parça, şirni, meyvə bərkidilmiş bir toy bəzəyidir. Onu bəzəməyə də xüsusi məharət lazımdır. Əgər toyu olan qızın bacılığı ərə gedibsə, gəlin olduğu evdən şax qaldırır.
Bacılıqgildə süfrə açılır, şax bəzədilir. Cavanlar oynaya – oynaya gəlirlər bacılıqgilə. Yeyirlər, içirlər, oynayırlar. Axşam təxminən saat doqquzda, onda oğlan evindən cavanlar gəlir qız şaxına. Bəy də gəlir, qardaşlıq da. Həyətdə “lopa” yandırırlar, tonqal qalayırlar, o ki var oxuyub – oynayırlar. Sonra da şaxı götürüb çala – çala, tüfəng ata – ata gəlirlər qız evinə. Qız evində də yeyib – içib şənlənirlər.

Xinayaxdi

Qızlar yığışır otağın birinə, qız yengəsidə islanmış xınanı götürüb düşür ortaya, oynayır. Sonra bir sini, bir də boş bir kasanı gətirib qoyur oğlan adamının qabağına. O da boş kasaya pul atıb, xınanı götürür. Oynaya – oynaya gəlir qızın yanına. Onun əllərinə, ayaqlarına xına qoyur. Sonra da məclisdəkilərin qabağına gətirir. Hamı xına qoyub, nəmər salır.
Qızlar “xınayaxdı”da olanda oğlanlar oynayıb, şənlənirlər. Bu vaxt qız tərəfdən bir nəfər “ikirəngli” çay gətirib qoyur bəyin və dostlarının qabağına. Onlarda çayı içib, boş nəlbəkiyə nəmər qoyurlar.
Qızlardan biri xına gətirir. Oğlanlar da çeçələ barmağını batırırlar xınaya.

Kəbinkəsdirmə

Kəbinkəsdirmə toy günündən bir neçə gün qabaq olardı. Kəbini adətən molla kəsirmiş. Bu mərasimdə hər iki tərəfdən iştirak edərmiş. Hər tərəfdən 1 nəfər şahid olardı. Mollaya 3 manat pul, bir kəllə qənd pay verərmişlər. Kəllə qənd çəkisi 8 kq. olarmiş.
Kəbinkəsdirmədə hər iki tərəfin yaxın adamı, bir çox hallarda isə qız və oğlan iştirak edərdilər. Kəbinkəsdirmənin “siğə” forması da vardır.
Azərbaycanda Sovet hakimiyyəti mövcud olandan sonra nigahın dövlət tərəfindən qeyd olunması forması tətbiq edilmişdir.

 
dala
qabaga
yuxari
 
 

 
Copyright © 2003-2007 Nigar Babazade. All rights reserved.