Fallar
Sadə fallar
Ilin-ayın
axırında (Novruz bayramından iki gün əvvəl)
bulaqdan, yaxud çaydan axar sudan “lal su” gətirilir.
Buna ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə
gedən şəxs su gətirəcəyi qabı
əlinə götürəndən ta suyu gətirib
evdə, iynə salınacaq qaba tökənəcən
dinməməlidir (həmin su şər qarışandan
sonra gətirilir və bu suyu gətirən şəxs
bir neçə adam tərəfindən müşayiət
oluna bilər).
Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu
tərəfinə bir azca pambıq dolayır, birini
qız, birini oğlan deyə fikirdə tutur (falı
açılan şəxslər) və hərəsini
bir tərəfdən üsulluca suya qoyurlar. Sonra
həmin iynələrin hərəkəti ilə
müəyyən mülahizələr söyləyirlər.
Qovuşacaq adamlarda iynələr müxtəlif
səmtlərə hərəkət etsələr
də axırda bir-birinə yaxınlaşıb
bitişirlər. Əksinə olanda isə iynələr
o tərəf-bu tərəfə hərəkət
edir və bir-birinə qovuşurlar. Iynə suyun
dibinə çökürsə - elə ilk dəfə
qoyulanda, deməli, su “lal su” deyil. Su gətirən
adam üstündə danışmışdır.
O, heç olmasa, “a” deyə səs çıxarmışdır.
Yumurta və karandaşlar
Axır çərşənbə
günü tövlənin pəncərəsinin
ağzına (qabağına) bir yumurta, iki karandaş
– qara və qırmızı karandaşlar qoyulur.
Səhər həmin yumurtanın üstündə
(üzərində) xətt olur (guya Xıdır
xətt çəkir). Əgər qırmızı
karandaşla xətt çəkilibsə, yumurta
kimin bəxtinə qoyulubsa, o xoşbəxt olacaq.
Qara karandaşla xətt çəkilibsə əksinə
olacaqdır.
Qapı pusmaq
Axır çərşənbə
günü, yaxud həftənin uğurlu günləri
axşamçağı qonşuların qapısını
kirimişcə pusurlar. Qapıya yaxınlaşərkən
eşidilən ilk sözü və ya bir neçə
sözü yozub, bəxt haqqında müəyyən
mülahizələr söyləyirlər. (Bu səbəbdəndir
ki, həmin günün axşamı yalnız
yaxşı sözlər danışılması
adət hesab olunur). Məsələn, ilk eşidilən
sözlər “işığı yandır”, “yaxşı
olacaq” və s. olarsa, hər şeyin yaxşı
olacağı güman dilir. əksinə, “söndü”,
“viran qalsın” və s. kimi sözlər eşidiləndə
pis tərəfə yozulur.
Sözə qüvvət: Arvadxasiyyət bir kişi
qulağa durmaqla qonşusunu boğaza yığıbmış.
Bir gün (həmin “fal açılan” gün) qonşu
görür ki, həmin kişi sakitcə pəncərənin
qabağından keçdi. Qonşu hiss edir ki, o
yenə qulağa dayanacaq. (Qapı pusmanı adətən
qadınlar icra edərlər). Onun bu xasiyyətindən
təngə gəlmiş qonşu, adəti pozub
deyir:
- Əşi, bu soba zəhrimara qalmış sönüb,
elə sönülü də qalacaq! Bir an keçmir
ki, həmin kişi pəncərənin qabağından
çox qanı-qara keçir...
Duzlu kökə yemək
Axır çərşənbə
axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən
hazırlanmış duzlu kökə yeyib yatırlar,
su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür:
içməyə kimsə su verir. Guya, həmin
su verən adam yuxu görənin qismətidir.
Sözə qüvvət: Bir qızı iki oğlan
sevirmiş. Bu falı yoxlamaq üçün həmin
qız həmin bayramda duzlu kökə bişirib
yeyir. Gecə yuxuda oğlanlardan biri ona su verir.
Qız içir. Lakin susuzluğu keçmir. Yenə
“su, su” deyir. Bu vaxt o biri oğlan su verir... Belə
çıxir ki, qız onların iksinə də
ərə getməli idi...
Deyilinə görə həmin qız ona birinci
olaraq su verənə ərə gedir. Lakin hansısa
qəzadan həmin qənc həlak olur. O biri oğlan
dul qalmış qız ilə evlənir.
Yeddi ulduz
Bu falı
istənilən vaxt icra etmək olar. Yatmağa
gedəndə yeddi ulduz sayırlar. Ulduzları
sayandan sonra bir kəlmə də olsa, danışmaq
olmaz. Bu halda öz qismətini yuxuda görürlər.
Şax konfeti
Əvvəllər
gəlin üçün şax bəzənərdi.
Bu, taxtadan, daha doğrusu, odundan düzəldilmiş
və bütün çıxıntılarına
mıx çalınmış konusvarı, təxminən
1-1.5 metr hündürlüyündə figur idi
ki, bunu da müxtəlif şirniyyatla, qoz-badamla,
meyvə ilə bəzəyirlər. Həmin şaxdan
qoparılmış konfeti axşamyeyib yatanda, guya
adam yuxuda öz qismətini görür.
***
İlk dəfə
yatılan evdə yastığın altında
güzgü qoyurlar. Güzgü yuxuda bütün
gələcək həyatını göstərir.
***
Ilin
axır çərşənbə axşamı
gecəsi cavan qızlar bir yerə yığışırlar.
Bir qaba su tökürlər. Əllərindəki
üzükləri çıxarıb saçlarına
salırlar. Niyyət tutub üzüyü suyun
üstündən keçirirlər. Üzük
fırlanmağa başlayır və qabın divarlarına
dəyir. Üzük neçə dəfə qaba
dəyirsə, sayırsan. Demək o yaşda da
gəlin gedəcəksən.
***
Çərşənbə
axşamı otuzluq lampanın altına qıfılı
bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər.
Kim qapını açıb birinci evə girsə,
onun birinci sözünü niyyətlərinə
görə yozarlar.
***
Balığın
çanaq sümüyünü övlad gözləyən
gəlinin oğlu və ya qızı olacağını
bilmək üçün iki barmağın ortasından
atırlar. Arxası üstə düşərsə,
qız, üzüüstə düşərsə
oğlan olacağı gözlənilir.
***
İtkin olan
zaman, onu tapmaqçın ələyə qaysının
iki ucunu sancıb, fırlardırlar. Itkinin kim tərəfindən
olduğunu bilmək üçün şübhələndiyin
adamın adını çəkirsən. Əgər
ələk fırlanarsa, bi iş həmin adam tərəfindən
olub. Fırlanmazsa demək o günahkar deyil.
***
Qorxan adamın
başının əstündə ərimiş
qurğuşunu onun qarşısındakı qabın
içindəki suya tökürlər. Adam nədən
qorxubsa onun şəkili suyun içində formalaşır.
***
Axır çərşənbə
gecəsi ürəyində niyyət tut yat. Gecə
yarısı yuxudan dur və şamı yandır.
Şamı götürüb güzgüyə
yaxınlaş. Güzgüdə gələcək
nişanlını görəcəksən. Amma
gərək qorxmayasan. Qorxsan bu niyyətin baş
tutmaz.
***
Ilin axır
çərşənbə günü niyyət
tutub bağa getmək lazımdır. Bağdan
bir çəngə ot qırırsan. Niyyət
düzdürsə, sühərəsi gəlib
görürsən ki, qırdığın otlar
uzanıb əvvəlki kimi olub.
***
Ilin axır
çərşənbə gecəsiürəyində
niyyət tutursan. Bağda bir daşı qaldırıb
altını təmizləyirsən. Niyyətin
hasilə çatandan sonra, gəlib daşın
altına baxırsan. Görürsən ki, daşın
altında ot bitib.
***
Ilin axır
çərşənbə axşamı ana uşaqlarının
başından tük qırır və axar suya
atır. Bir qab həmin yerdən su götürür
və uşaqlarının üstünə çiləyirsən.
Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq
gətirir. Həmin ili uşaqlar xəstələnmir.