əsasə
  mə’lumat
  şəkillər
  naxış tikmə
  zinət əşyaları
Bayramlar
Matəm günlər
Adət və ənənələr
Xalq sənətkarlığı
Milli geyim
Xalq tabəbəti
Cari
 



Nizami Gəncəvi «İsgəndərnamə» poəmasında yazır ki, «... Bütün tayfalar bu yeganə heykəllər qarşısında ikiqat olaraq tə’zim edirlər...».
Arxeoloqlarımızın ilk orta əsrlərə aid etdikləri bu daş fiqurlar Azərbaycanda düzədilsə də üslub xüsusiyyətinə və tipinə görə Mərkəzi Asiya, Cənubi Rusiya, Ukrayna cöllərindəki monumental heykəltəraşlıq əsərlərini xatırladır. Elm aləmində bu tipli heykəllər onun keçmiş adı ilə əlaqədar olaraq «balballar» adlandırılır. Azərbaycan dilində indi işlənən «babalı tutmaq», «babalını yumaq», «babalı boynuna» ifadəsi bəlkə də elə həmin balballarla bağlıdır.
Azərbaycan plastik sənət nümunələrindən danışarkən XIII əsrə aid edilən, elmi tədqiqatlarda «Bayıl daşları» adlanan abidələri xüsusi qeyd etmək lazımdır. Arxeoloqlarımız tərəfindən son 30 ildə Xəzərdən çıxarılmış 700-dən çox bu bədii daş hissələri vaxtilə quruda yerləşən möhtəşəm bir me’marlıq abidəsinin bəzəkləri olmuşdur. Tapıntılar içərisində me’marın adını və binanın inşa tarixini göstərən daşlar da vardır. Me’mar yazıda özünü Əbdürrəşid oğlu Zeynəddin Şirvani adlandırır. İnşa tarixi 1235-ci il göstərilir. Burada bir sıra şəxslərin adlarına (Mahmud əz Bakü, Əfridün, «Fəriburz», «Nəqqaş») və sair yazılara da təsadüf olunur.
Bayıl daşlarını tədqiq edən alimlərimiz son illərdə burada anfas şəklində 12-yə qədər insan başını təsvir edən qabartmalar aşkar etmişlər. Onların fikrincə, bu təsvirlər o dövrlərdə tanınmış şəxslərin portretləri olmuşdur. Portret təsvirli qabartmaların birinin üzərində Şirvanşah Fəribuzun adının, gürcü tipinə bənzər başqa bir portretdə isə gürcü sözünün oxunması yuxarıdakı fikrin nə qədər inandırıcı olduğunu göstərir.
Əvvəlki dövrlərə nisbətən XVI – XVII əsrlərdə plastik sənət nümunələrinə biz daha çox məzarüstü daşlarda rast gəlirik azərbaycan ərazisində bir neçə qrup məzar daşlarına təsadüf edilir. Bunlardan müxtəlif formalarda yonulmuş vertikal başdaşlarını, horizontal sənduqələri, at, qoç fiqurlu heykəlləri və s. göstərmək olar.
Qeyd etdiyimiz məzar daşları dəfi olunan şəxsin həyatda, cəmiyyətdə tutduğu mövqeyindən asılı olaraq müxtəlif səpkidə, formada və məzmunda bəzədilirdi. Aydındır ki, dövlətli şəxslərin məzarı daha bəzəkli və zərif işlənirdi. Yerin iqlimindən, istifadə edilən materialından və ən’ənəsindən asılı olaraq Azərbaycanın müxtəlif yerlərində məzar daşları müxtəlif formalarda və müxtəlif bəzəklərdə olurdu.
XVI – XVII əsr məzar daşları üzərində ornamental bəzəklərlə yanaşı süjet xarakterli, təsvirli kompozisiyalara da təsadüf olunur. Bu tipli məzar daşlarına əsas e’tibarlı ilə qərb rayonlarının dağətəyi qəbiristanlıqlarında rast gəlinir.
Məzar daşlarındakı süjet xarakterli kompozisiyaların əksəriyyətini dəfi olunan şəxsin şücaətini təmsil edən mövzular təşkil edir. Məsələn, kişi məzar daşlarında ov səhnələri, qadın məzar daşlarında isə xalçaçılıq sənəti ilə əlaqədar səhnəçiklər əsas yer tutur.
Süjetli oyma kompozisiyalarş içərisində Zəngəzur (1981 ildən Ermənistan Sisyan rayonunda yerləşir) rayonunun Urud kənd qəbiristanlığında yerləşən sən duqələr xüsusilə maraqlıdır. Burada biz qədim türkdilli tayfaların e’tiqadı ilə əlaqədar bir çox orijinal motivlərə gəlirik. Bunlardan şamanların dini mərasimini, qədim türkdilli xalqlarda zoomorf anlayışlarla əlaqədar meydana çıxmış onğon-quş toteminin təsvirini və s. göstərmək olar.
Plastik sənətimizin tarixindən danışarkən Naxçıvan, Qarabağ, Gəncə, Qazax, Gəlbəcər, Laçın, Lerik, Gədəbəy va başqa yerlərdə rast gəlinən qoç və at fiqurlarını xüsusi qeyd etmək lazımdır. Çünki onlar həm öz sayı, həm də üslub xüsusiyyətlərinin müxtəlifliyi ilə plastik sənətimizin keçdiyini tarixi inkişaf yolları haqda daha ətraflı mə’lumat verir.
Azərbaycan daş qoç fiqurları xüsusilə geniş yayılmışdır. Ona Azərbaycanın ucqar cənub sərhədlərindən tutmuş şimal-qərbinədək bir çox yerlərdə rast gəlirik. Onlara Ermənistan və Gürcüstan ərazisində azərbaycanlıların yaşadığı kəndlərdə də təsadüf edilir. Daşdan yonulmuş qoç fiqurlarının azərbaycanlıların yaşadığı ərazilərdə belə geniş yayılması söz yox ki, təsadüfi deyildi.
Dadlı ətinə, maişətdə müxtəlif ləvazimat və geyim məqsədilə istifadə edilən əvəzsiz dərisinə, gözəl xalçaların ipi olan yununa görə qoç hələ çox qədimlərdən ulu babalarımız üçün bolluq və qələbə simvolu olmuşdur.
Bu günədək kəndlərimizdə çəpər dirəklərinə, eyvan sütunlarına bərəkət və qüvvət əlaməti kimi qoç başının bərkidilməsi, hətta bə’zi kəndlərimizdə sütunun yuxarı hissəsinə (kapitelə) qoç başı deyilməsi onun el arasında nə qədər geniş yayıldığını göstərir. Təsadüfi deyil ki, xalq öz qəhramanına da qoç Koroğlu adı verib. Lakin qoçu bir totem kimi təmsil edən təsvirlər içərisində bizim üçün ən qiymətlisi daşdan yonulmuş qoç fiqurlarıdır. Daşdan yonulmuş qoç fiqurları müxtəlif və orijinal bədii üslublara mənsubdur. Respublikamızın cənubunda, xüsusilə Lerik rayonunda rast gəlinən qoç fiqurları həcminin böyüklüyü, quru və şərti dekorativliyi ilə fərqlənir. Lerikdən 3-4 kilometr aralı, hündür təpə üzərində yerləşən bu fiqurlara diqqətlə baxdıqda asanlıqla kəsilmiş, lakin hamarlanmış hissələr nəzəri cəlb edir. Adama elə gəlir ki, usta bilə-bilə əsərini tamamlamamış, yarımçıq qoymuşdur. Gəncə, Qazax, Ağdam, Laçın rayonlarında rast gəlinən daş qoç fiqurlarının da bir çox özünəməxsus xüsusiyyətləri vardır. Bunlar daha çox uzaq keçmişlərin arxaik sənət nümunələrini xatırladır. Uzunu 80-90 sm, hündürlüyü 50-60 sm-dən böyük olmayan bu abidələr öz monumentallığı, formalarının ümumiləşdirilmiş bir səpkidə icrası ilə diqqəti cəlb edir.
Naxçıvan, Ordubad, Şahbuz, Gədəbəy və Ermənistan ərazisindəki azərbaycanlı kəndlərində rast gəlinən daş qoç fiqurları başqa yerlərdə tapılan bu tipli abidələrdən həm real təsviri, həm də zəngin bədii tərtibatı ilə fərqlənmir. Həmin ərazidə rast gəlinən daş qoç fiqurları ölçü e’tibarilə də çox müxtəlifdirlər. Onlardan ən böyüyünün uzunluğu 150 sm, hündürlüyü 110 sm, ən kiçiyinin uzunluğu 45 sm, hündürlüyü 30 sm-ə çatır. Qeyd etdiyimiz daş qoç fiqurlarının dekorativ bəzəklərini nəbati, həndəsi ornament motivləri, epiqrafik yazılar, bə’zi hallarda isə əsl mə’nada süjet xarakterli kompozisiyalar təşkil edir.
Azərbaycanda daş qoç fiqurlarından sonra ən çox yayılanı at fiquru olmuşdur. Ulu babalarımız qoçla birlikdə atı da müqəddas heyvan saymışlar. Tarixi mənbələr göstərir ki, xalqımız arasında at həmişə insanın şərəfi, qəhrəmanlığı və qələbəsinin rəmzi olduğu halda, atsızlıq zəifliyin, məğlubiyyətin ifadəsi olmuşdur.
Keçmişdə Azərbaycanda dəfn edilən hər hansı qəhrəmanın qəbri üstünə daşdan yonulmuş at fiqurunun qoyulması bununla əlaqədardır.
Ata bəslənilən bu məhəbbət və ehtiram «Kitabi Dədə-Qorqud» dastanında xüsusilə gözəl təsvir edilmişdir.
Hazırda Naxçıvan, Gəncə, Qazax, Tovuz, Kəlbəcər, Laçın və s. yerlərdə rast gəlinən daşdan yonulmuş at fiqurları atın keçmişdə el arasında nə qədər müqəddəs bir heyvan sayıldığını göstərir.
At fiqurlarının Azərbaycanın müxtəlif yerlərində ayrı-ayrı vaxtlarda müxtəlif sənətkarlar tərəfindən hazırlanmasına baxmayaraq onları bir-birinə bənzədən çoxlu ümumi əlamət vardır. Bunlar atların ölçüsündə, statik ifasında və xüsusi ilə dekorativ bəzəklərində özünü göstərir.
Daş at fiqurlarının dekorativ bəzəklərini əsas e’tibarlı ilə at qoşumları təşkil edir. Bunlar qabarıq bir səpkidə oyulub üzəri bəzədilmiş kəm, yüyən, quşqunluq (quyruğunun altdan keçən qayış), tapqır (qarnının altından keçən qayışlar), üzəngi, yəhər və yəhəraltı çuldan ibatətdir. Bə’zi hallarda bu at qoşumlarının üzəri ardıcıl olaraq qabarıq səpkidə paxlava, üçkünc, dördkünc naxışlarla da bəzədilirdi. Bunlar ümumiyyətlə at qoşumlarındakı qayışa taxılan gümüş bürünc bəzəkləri xatırladır. Bu at qoşumları bizim üçün təkçə bir sənət əsəri kimi yox, tarixi bir fakt kimi də maraqlıdır, çünki onlar eyni ilə skiflərdə və Mərkəzi Asiyanın başqa qədim tayfalarında rast gəlinən at qoşumlarını yada salır.
XIX əsrin sonu, XX əsrin əvvəlləri daş üzərində oyma sənətimizin get-gedə zəifləməsi və aradan çıxması ilə səciyyələnir. Lakin bu dəyişiklik Azərbaycanın hər yerində eyni səviyyədə olmamışdır. Əgər şəhərlərimizdə tapılan daş oymaları daha tez yeni üslubun tə’siri altına düşmüşdüsə, ucğar yerlərdəki abidələrimizdə bu yenilik çox cüz’i miqdarda hiss olunur. Keçmiş dövrün mütərəqqi ən’ənələrinə sadiq qalmış oyma işlərinə biz bu əsrlərdə əsasən Şamaxı, Quba, Şəki, Qah, Qazah, Ağdam və Naxçıvanın daş abidələri üzərində rast gəlirik. Bu qrup abidələrimiz bir çox hallarda keçmiş dövrün ornament motivinin, kompozisiya priyomlarını təkrar etse də onların texniki icrası əvvəlki dövrlərə nisbətən xeyli aşağı səviyyədə olmuşdur.
Ən qədim dövrlərdən əsrimizin əvvəllərinədək nəzərdən keçirdiyimiz daş abidələrimiz göstərir ki, sənətin başqa növləri kimi bədii oymada çox böyük tarixi inkişaf yolu keçmişdir. Bu oymalar hər dövrün siyasi, iqtisadi vəziyyəti ilə əlaqədar olaraq ayrı-ayrı forma və məzmunlarda icra edilmişdir. Lakin həmin müxtəlifliyə baxmayaraq, daş abidələrimizin ornamental bəzəyi, xüsusilə bu bəzəklərin bədii xüsusiyyəti və məzmunu həmişə xalqımızın həyatı ilə sıx əlaqədar olmuş, onun dünyagörüşünü və estetik zövqünü əks etdirmişdir.
Nəzərdən keçirdiyimiz sənət nümunələrimiz ilk baxımda dilsiz-ağızsız, sükutlara dalmış abidələr olsa da, gördüyümüz kimi, onların hər birinə tarix öz əbədi möhrünü basmışdır.

íàâåðõ
 

 

 

 
Copyright © 2003-2007 Nigar Babazade. All rights reserved.