| |
Soltan Məhəmmədin ən yaxın tələbəsi
və davamçısı oğlu Mirzə Əli
olmuşdur. Onun 1539 – 1543-cü il tarixli «Xəmsə»
nüsxəsindəki «Şapur Xosrovun portretini Şirinə
göstərir», «Xosrov Barbedirn musiqisini dinləyir»
və Ə.Caminin 1570 – 1571-ci ildə «Ləvaex»
nüsxəsinə (Sankt-Peterburq, DKK) çəkdiyi
«Sarayda musiqi məclisi» adlı əsərlərində
ədəbi süjet rəssamın öz dövrünə
aid ə’yan-əşraf məclisləri kimi şərh
edir. Bu əsərlər Mirzə Əlinin çoxfiqurlu
kompozisiya və zərif rəsm, mahir ornament və
kolorit ustası olduğunu sübut edir.
Miniatür boyakarlığında görkəmli
janr ustası olan Mir Seyid Əlinin yaradıcılığı
(Təbriz dövrü) həmin «Xəmsə» nüsxəsindəki
«Məcnun Leylinin çadırı önündə»
və əvvələr L.Kartyenin kolleksiyasında
saxlanan «Elçilik» və «Musiqi məclisi» adlı
orijinal əsərləri ilə təmsil olunur.
Soltan Məhəmmədin müasirlərindən
Müzəffər Əlinin bizə mə’lum olan
əsərləri çox azdır. Sadiq bəy Əfşar
və İsgəndər Münşinin mə’lumatına
görə o misilsiz portret ustası olmuş və
zahirən gözəl, dərin psixoloji ifadəli
obrazlar yaratmışdır. Lakin təəssüf
ki, bu iste’dadlı sənətkarın portretləri
və süjetli əsərləri haqqında mə’lumat
olduqca səthi və məhduddur. Buna baxmayaraq rəssamın
«Bəhram Gur və Fitnə ovda» adlı əsəri
onun mahir rəsm və boyakarlıq ustası, kompozisiya
və kolorit sahəsində çox səriştəli
rəssam olduğunu isbat edir.
Aydındır ki, 1530 – 1540-cı illərdə miniatür
sənətinin inkişafı, adını çəkdiyimiz
rəssamlar və göstərilən əsərlərlə
məhdudlaşmır. Bu dövrdə şah Təhmasibin
saray e’malatxanasında adları hələlik bəlli
olmayan bir sıra başqa rəssamlar da fəaliyyət
göstərmişdir. Onların yaratdığı
qiymətli sənət əsərləri xüsusi
ədəbiyyatda «Soltan Məhəmməd məktəbi»,
yaxud da «Soltan Məhəmməd üslubu» kimi qeyd
edilir. Bir çox məşhur, hətta nadir əlyazmalarını
bəzəyən imzasız miniatürlərin namə’lum
müəllifləri Azərbaycan miniatür sənətinin
inkişafında mühüm rol oynamışdır.
Azərbaycan miniatür sənətinin yüksək
inkişaf dövrünü düzgün və hərtərəfli
səciyyələndirmək üçün onun
Yaxın və Orta Şərq ölkələrində
miniatür sənətinin inkişafında mühüm
rolunu və əhəmiyyətli mövqeyini qeyd
etmək lazımdır. Təbriz miniatür məktəbi
İranda və Azərbaycanda təsviri və dəkorativ
sənət növlərinin inkişafına, onların
bədii-üslubi və ifadə vasitələrinin
təkmilləşməsinə qüvvətli tə’sir
göstərmişdir. Təbriz miniatür sənətinin
bu tə’siri divar boyakarlığı, süjetli
xalçalar, bədii metal, parça və keramika sənətində
təsviri motivlərin bədii formasında, obrazlı
ifadə vasitələrində daha qabarıq gözə
çarpır.
Təbriz məktəbinin ən’ənələri,
görkəmli sənətkarların əldə
etdikləri nailiyyətlər Yaxın və Orta
Şərqdə miniatür sənətinin inkişafında
daha mühüm rol oynamışdır.
Müxtəlif vaxtlarda, müxtəlif səbəblər
nəticəsində Türkiyədə olmuş
Azərbaycan rəssamları XVI əsrdə türk
miniatür sənətinin inkişafına əhəmiyyətli
tə’sir göstərmişdir. Bu baxımdan İstanbulda
Soltan sarayının xüsusi ə’malatxanasına
rəhbərlik etmiş görkəmli Təbriz
sənətkarları Şah Qulu (XVI əsrin əvvəlləri)
və Vəli Canın (əsrin son rübü) xüsusilə
böyük xidmətləri olmuşdur.
Hindistanda moğol miniatür məktəbinin təşəkkülü
və inkişafında iste’dadlı Təbriz rəssamı
Mir Seyid Əlinin xeyirxah tə’sirini xüsusilə
qeyd etmək olar. O, uzun müddət (1549 - 1570) Hindistanda
imperator Hümayun Mirzə və Əkbər padşahın
saray kitabxanasında işləmiş, 40-dan artıq
yerli və gəlmə rəssamların yaradıcılıq
fəaliyyətinə rəhbərlik etmişdir.
Mir Seyid Əli və onun rəhbərliyi altında
işləyən saray rəssamları tərəfindən
məşhur «Əmir Həmzə» dastanına çəkilmiş
illüstrasiyalar haqlı olaraq moğol məktəbinin
şah əsərləri sayılır.
Azərbaycan rəssamlarının İran miniatür
məktəbləri ilə yaradıcılıq
əlaqəsi daha möhkəm, geniş ve hərtərəfli
olmuşdur. Hələ XVI əsrin birinci yarısında
Təbriz miniatür sənətinin təntənəli
obrazlar aləmi, şux və dekorativ ifadə vasitələri
Şiraz məktəbinin formalaşması və
inkişafına tə’sir göstərmişdir.
XVI əsrin son rübündə formalaşmağa
başlamış Qazvin üslubunun yaranması və
inkişafında Təbriz məktəbinin həlledici
rolu olmuşdur.
Səfəvi dövlətinin mərkəzi Təbrizdən
Qəzvinə köçürülərkən Azərbaycan
rəssamlarının çoxu yeni mərkəzə
gedərək saray e’malatxanasında işlənmişdir,
bə’ziləri ömrünün sonuna qədər,
qalanları isə şah Təhmasibin saray kitabxanasını
bağlayıb şair və rəssamları saraydan
uzaqlaşdırdığı vaxta kimi (İsgəndər
Münşi). XVI əsrin ikinci yarısında Qəzvində
işləyən Təbriz rəssamları təbiidir
ki, 1530 – 1540-cı illərdə püxtələşmiş
Təbriz məktəbi üslubunu burada da davam və
inkişaf etdirdilər. Məhz buna görədir
ki, 1550 – 1560-cı illərdə Qəzvində çəkilmiş,
yaxud da Qəzvin məktəbinə aid edilən
miniatürlər bədii üslub xüsusiyyətlərinə
görə Soltan Məhəmmədin üslubundan
əsla fərqlənmir.
Azərbaycan, o cümlədən Qəzvin və
Məşhəd miniatür sənətində yeni
üslubun yaranıb təkmilləşməsi XVI
əsrin 70-ci illərinə təsadüf edir. Qəzvin
miniatür sənətinin yeni bir məktəb, üslub
kimi formalaşması Azərbaycan rəssamlarının
gənc nəslinə mənsub olan Məhəmmədi,
Sadiq bəy Əfşar, Zeynalabdin, Səyavuş
bəy, Mir Yəhya, Əli Rza Təbrizi və b.
iste’dadlı sənətkarların yaradıcılığı
ilə bağlı olmuşdur.
Məhəmmədi və Sadiq bəy Əfşarın
rəsmi saray sənətindən uzaq olan yaradıcılığı,
demokratik və realistik keyfiyyətlərə malik
əsərləri Qəzvin miniatür məktəbinin
inkişaf istiqamətini müəyyənləşdirmişdir.
Bu məktəbin səciyyəvi xüsusiyyətlərindən
biri – miniatürlərin ədəbi mətni illüstrə
etməkdən uzaqlaşması, rəssamların
sərbəst mövzulu müstəqil dəzgah
boyakarlığı əsərlərinə daha
çox meyl göstərmələridir. Bu amilin miniatür
sənətinin sonrakı inkişafında ikitərəfli
rolu olmuşdur.
Bir tərəfdən bu dövrdə rəssamların
müasir həyatla, xalqın həyatı ilə
əlaqəsi möhkəmlənir və sənət
əsərlərinin mövzu dairəsi genişlənir.
Klassik ədəbiyyatdan götürülmüş
poetik süjetlər sadə adamların həyat
və məişətini, zəhmətini, əyləncələrini
təsvir edən janr əsərləri kimi şərh
olunur. Təsviri sənətdə demokratik ideyalar
artıb inkişaf edir, realistik meyllər genişlənir,
miniatürlər yeni ideya-estetik keyfiyyətlər
kəsb edir.
Digər tərəfdən isə kitab illüstrasiyası
mahiyyətini itirdikdən sonra, miniatür sənəti
tədricən əvvəlki özümlüyünü,
emosional tə’sir qüvvəsini, əsrarəngiz
gözəlliyə malik bədii formasını
itirməyə başlayır. Klassik poeziyadan gələn
şe’riyyət, yüksək obrazlar aləmi, gözəl
təsvir dili getdikcə adiləşir, bəsitləşir.
Miniatürlərdə, xüsusən dəhgah keyfiyyətli
müstəqil əsərlərdə rəssamı
qrafik üsul, tuşla çəkilmiş incə
rəsm, yə’ni «siyah qələm» texnikası daha
çox cəlb edir, nəinki boyakarlıq üsulu,
dekorativ rəng ləkələrinin sehrli harmoniyası.
Rənglərin sayı get-gedə azalır, parlaq,
yanar rənglər zərif, sakit, bir qədər
də sönük rənglərlə əvəz
edilir, kolorit zəifləşir və soyuqlaşır.
Qəzvin məktəbinin yeni üslub xüsusiyyətləri
görkəmli Azərbaycan rəssamları Sadiq
bəy Əfşarın və Məhəmmədinin
yaradıcılığında öz parlaq əksini
tapmışdır. Bu baxımdan Məhəmmədinin
«Bağçada kef-musiqi məclisi» (Boston, Gözəl
sənətlər muzeyi), «Aşiqlər» (yenə
orda), «Kənd həyatı» (Paris, Luvr muzeyi) kimi
məşhur miniatürləri və üslubuna
görə rəssamın dəst-xəttinə
çox bənzəyən Ə.Caminin «Töhvət
əl-əbrar» əsərinin əlyazmasına çəkilmiş
illüstrasiyalar (Sankt-Peterburq, DKK) xüsusi əhəmiyyətlə
malikdir.
Məhəmmədi Yaxın və Orta Şərq
xalqlarının miniatür sənətində cığır
açmış ustad rəssam olmuşdur. Məhz
buna görədir ki, xüsusi ədəbiyyatda müəllifləri
bəlli olmayan bu istiqamətli əsərləri
«Məhəmmədinin məktəbi» və ya «Məhəmmədinin»
üslubu aid edirlər.
XVI əsrin sonu XVII əsrin əvvəlində Azərbaycan
miniatür sənətinin inkişafında görkəmli
rəssam və xəttat, şair və musiqiçi,
ədəbiyyat və incəsənət tarixçisi
Sadiq bəy Əfşarı mühüm rolu olmuşdur.
Onun konkret tarixi şəxslərin, real insanların
surətini əks etdirən portretləri yalnız
fərdi cəhətləri ilə deyil, həm də
psixoloji cəhətləri, ifadəliliyi ilə
seçilir. İmamqulu xanın, Teymur xan Türkmənin,
namə’lum atlı və dərvişin obrazları
canlı və reallığı ilə diqqəti
cəlb edir.
Sadiq bəy Əfşar təsviri sənətdə
yeni estetik fikrin, realistik meylin ifadəçisi olmuşdur.
Onun bədii yaradıcılığı və
«Qanun əs-sovər» adlı rəssamlıq haqqında
nəzəri risaləsi Azərbaycanda miniatür
boyakarlığının sonrakı inkişafına,
Qazvin və qismən İsfahan məktəblərinin
yaranması və formalaşmasına əhəmiyyətli
tə’sir göstərmişdir.
Qəzvin və İsfahan məktəblərində
miniatür sənətinin inkişafına fəal
iştirak etmiş Təbriz rəssamlarının
fərdi yaradıcılıq xüsusiyyətlərini,
ifaçılıq üsulu və dəsti-xəttini,
eyni zamanda onları birləşdirən üslub
ümumiliyini özündə əks etdirən əsərlərə
misal olaraq 1573-cü il tarixli «Gərşəspnamə»
(London, Britaniya muzeyi) və 1576 – 1577-ci ildə «Şahnamə»
(Dublin, Çester Bitti kitabxanası) əlyazmalarına
çəkilmiş illüstrasiyaları, Əli Rza
va Kamal Təbrizinin miniatürlərini göstərmək
olar.
Qeyd olunan əsərlər Azərbaycan miniatür
sənətinin son inkişaf dövrünü işıqlandırır,
onun tə’sir dairəsinin genişliyini, XVI əsrin
sonu XVII əsrin əvvələrində miniatür
sənətinin ümumi inkişafında böyük
rolunu, möhkəm mövqeyini aşkarlayır.
XVII əsrin ictimai-siyasi hadisələri Azərbaycan
xalqının mədəni inkişafına ağır
zərbə vurdu, onu ləngitdi, buxovladı. Bu vaxtdan
e’tibarən yerli sənət məktəblərinin
fəaliyyətində durğunluq yaranır, qüdrətli
Təbriz məktəbinin qiymətli bədii ən’ənələrinin
uzun sürən unudulma prosesi başlanır. XVIII
əsrdə tamamilə tənəzzül edən
boyakarlıq sənəti XIX əsrin ikinci yarısından
e’tibarən yenidən dirçəlməyə başlayır.
|
|