| |
Azərbaycan miniatürləri
Azərbaycan miniatürəsi
Yaxın və Orta Şərq xalqlarının incəsənəti
tarixinin ən maraqlı səhifələrindən
birini təşkil edir.
Mə’lumdur ki, Şərq xalqlarının miniatür
sənəti klassik Şərq poeziyası ilə
sıx əlaqədə olmuş, onun təsiri nəticəsində
inkişaf etmişdir. Mübaliğəsiz demək
olar ki, antik mifologiya qədim yunan sənəti üçün
olduğu kimi, klassik Şərq poeziyası da müsəlman
Şərqinin miniatür üçün tükənməz
mənbə olmuşdur.
Dünya ədəbiyyatının dahi şairlərindən
Firdovsi və Nizaminin, Sə’di Hafizin, Cami və Nəvainin,
Xosrov Dəhləvi və klassik şərq poeziyasının
başqa görkəmli ustalarının ölməz
əsərləri rəssamların tükənməz
ilham mənbəyi olmuş, onların sənətini
qabaqcıl, humanist ideyalarla, ədəbiyyət qazanmış
füsunkar obrazlarla zənginləşdirmildir. Firdovsinin
məşhur «Şahnamə» epopeyası, Nizaminin
məhəbbət lirikası, romantik və fəlsəfi-didaktik
poemaları rəssamların yaradıcılığına
daha qüvvətli tə’sir göstərmiş,
onları dini təssəvürdən, asketizmdən
uzaq, dünyəvi hissləri, ülvi məhəbbəti
tərənnüm edən misilsiz sənət əsərləri
yaratmağa ruhlandırmışdır.
Klassik şərq poeziyası miniatür sənətinin
nəinki məzmununu və ideya istiqamətini müəyyənləşdirmiş,
eyni zamanda onun bədii forması və ifadə vasitələrinin
inkişafına da tə’sir göstərmişdir.
Bu poeziyanın yüksək obrazlar aləmi, zəngin
və zərif dili, forma və vəzn müxtəlifliyi,
şə’riyyəti, musiqi ahəngi rəssamlara
poetik təsvir dilinə uyğun gələn bədii
forma, şərti dekorativ üslub, obrazlı ifadə
vasitələri tapmağa geniş imkan yaratmışdır.
Məhz buna görədir ki, Yaxın və Orta Şərq
miniatürləri bədii forması və üslubuna
görə bir sıra oxşar cəhətlərə
malikdir. Lakin illüstrə edilən poetik mətnin
ümumiliyindən və miniatür sənətinin
öz spesifikasından doğan bu yaxınlıqla
bərabər, hər xalqın sənəti ancaq
ona xac olan xüsusiyyətləri ilə seçilir
ki, bu da həmin xalqın ictimai həyatı, estetik
fikri və bədii təfəkkürünün
inkişaf xarakteri ilə şərtlənir. Ərəb
ölkələri, İran, Azərbaycan, Türkiyə
və Orta Asiya miniatürlərinin oxşar və
fərqli, ümumi və özümlü xüsusiyyətlərə
malik olması da bununla əlaqədardır.
Müasir sənətşünaslıq elminin əldə
etdiyi nəticələr Azərbaycan miniatür
sənətinin müsəlman Şərqində
bu sənətin inkişafında əhəmiyyətini
və tə’yinedici rolunu aşkarlayır. Mə’lum
olduğu kimi, Yaxın və Orta Şərqdə
miniatür sənətinin ən qədim nümunələrindən
sayılan bir çox əsərlər məhz Marağada
və Təbrizdə yaradılmışdır.
Bu da təsədüfi deyildir. Çünki XIII əsrin
sonu XIV əsrin əvvələrində elxanilərin
mərkəzi Marağa və Təbriz Şərqin
ən görkəmli mədəniyyət mərkəzi
idi.
XIV əsrin əvvələrində Təbrizin ətrafında
salınmış iki şəhərcikdə – Qazaniyyə
və Rəşidiyyədə elm ve tədris müəssisələri,
böyük kitabxana, bədii e’malatxanalar və s.
yerləşirdi. Həmin kitabxanalarda müxtəlif
ölkələrdən gəlmiş xəttat, rəssam
və kitab sənətinin başqa ustaları çalışırdı.
Bu sənətkarlar Şərqin görkəmli alim
və şairlərinin əsərlərini, o cümlədən
Rəşidəddinin məşhur «Cami ət-təvarix»
əsərinin əlyazma nüsxələrini hazırlayır,
onları gözəl miniatürlərlə illüstrə
edirdilər.
O vaxtdan başlayaraq Azərbaycan rəssamlarının
Firdovsi, Nizami, Sə’di, Hafiz, Cami, Nəvai, Xosrov
Dəhləvi bə başqa klassiklərin əsərlərinə
çəkdikləri illüstrasiyalar, həmçinin
murakkalarda – xüsusi albomlarda toplanmış müstəqil
miniatürləri hazırda dünyanın ən
məşhur muzeyləri və kitab fondlarında
nadir incilər kimi qorunub saxlanır.
Mütəxəssislər haqlı olaraq bu əsərlərin
çoxunu Şərqdə miniatür sənətinin
orijinal və dəyərli, bə’zilərini isə
şah əsərləri kimi yüksək qiymətləndirirlər.
Füsunkar gözəlliyə, emosional tə’sir
qüvvəsinə görə yüksək bədii-estetik
dəyərə malik olan bu əsərlər Azərbaycan
miniatür sənətinin tarixini, inkişaf mərhələlərini
işıqlandırır. Təbriz məktəbinin
müstəqil və özümlü bir üslub
kimi formalaşması yollarını göstərir.
Azərbaycan miniatür sənətinin hələlik
mə’lum olan ən qədim nümunələri
– «Vərqa və Gülşa» (XIII əsrin əvvəli),
«Mə’nafi əl-heyvan» (1298), «Cami ət-təvarix»
(1308, 1314) Şərqdə yeni bir məktəbin
yarandığını təsdiq edir.
Təbriz miniatür məktəbinin yaranması,
formalaşması və ilk inkişafı müxtəlif
səmtlərdən gələn tə’sirlərlə
yerli bədii ən’ənələrin çarpazlaşması,
qaynayıb qarışması prosesində baş
vermişdir. Bu tə’sirlərdən biri monqollarla
Təbrizə gəlmiş uyğur rəssamlarının
gətirdiyi Şərqi Türküstan – çin-uyğur
sənətinin, ikincisi isə Bağdad məktəbi
vasitəsilə gələn ərəb-Mesopotamiya
boyakarlığı ən’ənlərinin tə’siri
idi.
XIV əsrin ortalarında Təbriz məktəbində
həmin ən’ənələri bir sintez halında
özündə birləşdirən tamamilə
yeni keyfiyyətli orijinal yaradıcılıq üslubu
formalaşır. 1330 – 1340-cı illərə aid
böyük Təbriz «Şahnamə» sinin illüstrasiyaları
yalnız Azərbaycanda deyil, ümumiyyətlə
Şərq miniatür boyakarlığının
inkişafında yeni, bədii-estetik və sənətkarlıq
baxımından daha yüksək bir dövrü
təmsil edir. Sənətşünaslıqda Demotte
«Şahnamə»si adı ilə şöhrət
qazanmış bu nüsxənin Avropa və Amerikanın
müxtəlif kitab fondlarında saxlanılan illüstrasiyaları
miniatür sənətinin şah əsərlərindən
hesab edilir. Müxtəlif dövrlərdə müxtəlif
yaradıcılıq üslubuna malik rəssamların
çəkdikləri bu əsərlər monumentallığı,
obrazlarının ifadəliliyi, emosional tə’siri,
əlvan rənglərin ahəngdarlığı
və zəngin koloriti ilə seçilir. Demotte «Şahnamə»sinin
illüstrasiyaları imzasıdır. Tədqiqatçıların
fikrinə görə onların çoxunu XIV əsrin
məşhur ustad rəssamı Şəmsəddin,
bir hissəsini isə onun tələbəsi, sonralar
Teymurun Səmərqəndə göndərdiyi Əbülxay
çəkmişdir.
Bədii dəyəri, janrı, ideya məzmunu və
süjet xəttinə görə müxtəlif
olan illüstrasiyalar içərisində «Şahnamə»nin
baş qəhramanları Rüstəm, Bəhram
və İsgəndərin əfsanəvi şücaətlərini,
macəralarını təsvir edən kompozisiyalar
əsas yer tutur. «Şahnamə» illüstrasiyalarını
çəkən namə’lum rəssamlar özlərinin
ən müvəffəqiyyətli əsərlərində
rəsm, kompozisiya və kolorit cəhətdən
daha təkmilləşmiş, ifadəli təsvir
vasitələri tapmaqla bərabər, daha mürəkkəb
və bədii-estetik problemlərin həllində
çalışmışlar. Onlar öz qəhrəmanlarını
ətraflı səciyyələndirməyə,
onların daxili aləmini, sevinc və iztirablarını,
hiss və ehtiraclarını əks etdirməyə
sə’y göstərməklə, Şərq miniatürləri
üçün bir o qədər də xarakterik olmayan
problemin həllinə – obrazın psixoloji ifadəliliyinə
nail olmuşlar. Məsələn, əgər «Bahram
Gurun əjdahanı öldürməsi» miniatürü
kompozisiyanın kamilliyi, dinamikliyi ilə seçilirsə,
«Ərdəvan Ərdəşirin hüzurunda», «İskəndərin
ölümu», «İrəcin ölüm xəbəri»,
«Firudin oğlunun cənazəsini qarşılayır»
isə başqa məziyyətlərindən daha
çox obrazların psixoloji ifadətiliyi, əmosional
tə’sir qüvvəsi ilə diqqəti cəlb
edir.
Üslubu, ifaçılıq tərzi, kompozisiya və
obrazların həllinə görə müxtəlif
olmalarına baxmayaraq bu nadir «Şahnamə» nüsxəsinin
miniatürləri küll halında Azərbaycan
miniatür sənətinin inkişafında xüsusi
əhəmiyyətə malik yeni yaradıcılıq
istiqaməti açdı, Təbriz məktəbini
Yaxın və Orta Şərqdə miniatür sənətinin
əsas mərkəzinə çevirdi.
Təbriz məktəbinin bu dövrdəki fəaliyyətinə,
nailiyyətlərinə yüksək qiymət verən
alman alimi F.Şults, onu qonşu Şərq ölkələrində
miniatür sənətinin inkişafında və
bədii məktəblərin təşəkkülündə
əsaslı rol oynayan ana «məktəb» adlandırır.
XV əsrdə Azərbaycanda yaranmış ictimai-iqtisadi
və siyasi şəraitlə əlaqədar olaraq,
Təbriz öz əvvəlki istiqamətləndirici
rolunu itirir. Lakin buna baxmayaraq o yenə də mədəni
mərkəz və görkəmli sənət məktəbi
kimi öz əhəmiyyətini qoruyub saxlayır.
Bu dövrdə Azərbaycanın bir çox görkəmli
rəssamları və kitab sənətinin başqa
mahir ustaları teymurilərin əsas mərkəzinə
çevrilmiş Herata də’vət edilir. Saray kitabxanasında
məs’ul vəzifə daşıyan Cəfər
Təbrizi və xüsusi sifarişlər yerinə
yetirən Azərbaycan ustaları – Pir Seyid Əhməd,
Xacə Əli Müssəvir, Qəvaməddin, Qiyasəddin
və başqalarının XV əsrdə Herat rəssamlıq
məktəbinin inkişafında səmərəli
fəaliyyəti, mühüm rolu olmuşdur.
XV əsrdə Təbriz məktəbinin tə’siri
nəticəsində Azərbaycanın başqa şəhərlərində
də miniatür sənəti inkişaf edir. Təəssüflə
qeyd etmək lazımdır ki, Şirvan məktəbinin
miniatürləri hələlik çox az tapılmışdır.
Lakin 1468-ci ildə Şamaxı antologiyası (London,
Britaniya muzeyi) və 1539-cu ildə Sə’dinin «Bustan»
(İstanbul, Topqapı muzeyi) əsərlərinə
çəkilmiş illüstrasiyalar, Əbdül
Baqi Bakuvinin miniatürləri (İstanbul, Topqapı
muzeyi), onların Təbriz məktəbini xatırladan
püxtələşmiş üslubu XV – XVI əsrlərdə
Şirvanda zəngin bədii ən’ənələrə
əsaslanan qüvvətli bir sənət məktəbinin
mövcüd olduğunu sübut edir.
XV əsrdə Təbriz miniatür məktəbinin
inkişafını, səciyyəvi üslub xüsusiyyətlərini
dolğun və qabarıq əks etdirən əlyazmalarına
misal olaraq Nizaminin 1410 – 1420-ci illərə aid «Xosrov
və Şirin» və XV əsrin sonu XVI əsrin
əvvəllərinə aid «Xəmsə» nüsxələrini
göstərmək olar. Hər iki əsərin miniatürləri
kompozisiya quruluşu, obrazların həlli, koloriti
və ifaçılıq üsuluna görə müəyyən
fərqli cəhətlərə malik olmalarına
baxmayaraq, ümumi üslub xüsusiyyətlərinə
görə birləşir, Azərbaycan miniatür
sənətinda yeni keyfiyyətli yaradıcılıq
istiqamətini təşkil edirlər. XIV əsr
miniatürlərindən fərqli olaraq bu əsərlərdə
boyakarlıq üsulu, sərbəst rəng yaxıları
qrafik üsulla əvəz olunur. Zərif, axıcı
kontur xətti, plastik və ifadəli rəsm təsvir
vasitəsinin əsasını təşkil edir.
Rəng bədii formanı qurub yaratmaqdan daha çox
dekorativ mahiyyət daşıyır. Parlaq, lokal
rənglərin kontrastlıq yaradan düzümü
və ritmik təkrarlanmasına əsaslanan zəngin
kolorit miniatürlərin əsrarəngiz gözəlliyini,
emosional tə’sir qüvvəsini daha da artırır.
Bütün bu keyfiyyətlər XV əsr miniatürlərini
XVI əsr miniatürləri ilə sıx bağlayır
və bir qədər sonra öz inkişafının
zirvəsinə qalxacaq Təbriz məktəbi üslubunun
kənar tə’sirlərin yetişməsi deyil, XVI
əsrin əvvələrindən başlayaraq ardıcıl,
fasiləsiz davam edən bir inkişaf prosesinin bəhrəli
nəticəsi olduğunu isbat edir.
|
|