| |
N O V R U Z məəcunları
Həddindən
dadlı, ləzzətli və cana xeyirli bir şey
yedikdə, adətən «bu
yemək deyil, əsl məəcundu, məəcun»
deyirik. «Məəcun» nə dəməkdir? Dilimizin
izahlı lüğətində oxuyuruq: «Məəcun
– xalq təbabətində xüsusi hazırlanıb
xəstə və zəif adamlara verilən xəmirvari
bir yemək növüdür» *
İnsanlar uzun sürən sərt qış günləri
tazətər meyvələr yemək imkanından
məhrum olub, qeyri-qənaətbəxş qidalandıqlarına
görə, onların orqanizmləri lazımi maddələr
almır və nəticədə, bədənin
qoruyucu gücü aşağı düşərək,
bir qayda kimi heçə enir..Nəticədə, onlar
tez-tez xəstələnib sağlamlıqlarını
itirir və Yaz fəslini, demək olar ki, artıq
taqətdən düşüb üzülmüş,
həddindən zəifləmiş halda qarşılayırlar.
Belə ki, xəstəliklərə qarşı
müqaviməti artırmaq, sağlamlıqlarını
YAZ-YAY günlərinə
qədər qoruyub saxlamaqdan ötrü ulu babalarımız
NOVRUZ bayramı ərəfəsindəki 90 gün
müddətində bir para bayram və İLAXIRÇƏRŞƏNBƏLƏRİndə,
bir adət-ənənə olaraq, həm müştərək
halda, həm bir ailə çərçivəsində
qidalı, cana xeyir verən, bədənə güc-qüvvət,
istilik gətirib onu möhkəmlədən xüsusi
«məəcun»
yeməklər hazırlar və onları ilk növbədə
xəstə uşaq, qoca və zahılara, yerdə
qalanları isə başqa ailə üzvlərinə
yedirdirdilər. * Mütəxəssislərin
rəyinə görə, NOVRUZ ərəfəsində
qeyd olunan bayramlar zamanı məəcun hazırlamaq
ənənəsi hələ Şumer dövrü
Orta Asiyadan Yaxın Şərqə keçmişdir.
Bu ənənəni Orta Asiyada məskunlaşmış
bütün türk xalqlarının məişət
və bayramlarında yaşaması buna gözəl
dəlalətdir. Tutalım, qazax türklərinin
son illərə qədər NAVRIZKÖÇƏ
yeni il mərasimi zamanı hər evdə iri çənlərdə
qaxac olunmuş ət tikələri, buğda yarması,
az miqdarda darı, düyü, noxud, qarğıdalı
və s. bitki danələri və quru pendirdən
hazırlanmış çox ləzzətli bir bayram
bişmişinə «navrızköçə»,
yəəni NOVRUZ
xaşılı deyirlər. *
Qırğız türkləri isə buna oxşar
məəcuna «nooruzköçə»
adı vermişlər. Onların xaşılı,
əslində darı yaxud buğda yarmasından
bişirilmiş bir növ duru şorbadır. «Auzköçə»
deyilən başqa bir xörək bir az duz qatılmış
qovut qarışığının yeni doğmuş
inək südündə qaynadılması ilə
alınır. Eyni zamanda NOVRUZ
günü Xarəzm və Səmərqənddə
«novruzqucə»
və ya sadəcə «qücə» adı daşıyan
bir təam ayrı-ayrı evlərdə bişirilərək
məscidlərə aparılır və burada nəzir-niyaz
təki məsciddəkilərə paylanır. Sıyıq
aşı və bizim hədiyi xatırladan həmin
«qücə» yeddi cür «hübubat», yəəni
dənli-paxlalı bitki – hind
darısı, buğda, arpa, darı, düyü,
lobiyə və maşın qarışığından
bişirilir. * Əslinə
varsan, bunlara oxşar un və bitki danələrindən
hazırlanan bəsit məəcunlar xalqımız
arasında «xaşıl».«hörrə»,«hədik»
və «umac» adları altında tanınır. Onlara
ÇIRAĞAN
bayramından başlayaraq, adətən qışın
Böyük və Kiçik Çillələri
və Boz Çilləyə
qədər ən şaxtalı çağlarında
bişirilən adi yemək kimi baxılmışdır.
Diqqət yetirsək, bu bişmişlərdə,
bir qayda olaraq şəkər-şərbət və
ədviyyat əsla işlənmir. Sən demə
onlar vaxtilə köçəri həyat sürmüş
türk xalqları üçün daha səciyyəvi
sayılan xüsusi yeməklərdir. Bu xalqlar Yaxın
Şərqə yeridikcə buradakı bir sıra
yerli adət-ənənələrlə tanış
olduqda, bu təamlara artıq şəkər və
ədviyyat qatmağa başlamışlar. Nəzərə
almalıyıq ki, bizim günlər istifadə etdiyimiz
şəkər çuğundurundan alınan qənd,
əslində XVİİİ yüzilin «kəşfi»dir.
Ulu babalarımız ondan öncəki zamanlarda şəkər
qamışı «neyşəkər»dən alınan
məhsullarla yanaşı, əsas etibarilə bədənə
istilik gətirən saf arı balı, həmçinin
üzüm, əncir, xurma, tut və bu kimi şirin
meyvələrdən alınmış şərbət,riçal
və doşablardan istifadə etmişlər. Neyşəkərin
vətəni cənub-şərqi Asiya olsa da, ondan
alınan şəkər Yaxın Şərqə
yalnız Vİ yüzildə gəlib çıxmışdır.
Burada meyvə şirələri və həmin şəkərin
qarışığından alınmış şəffaf,
bəəzən isə bozumtul, çəhrayı
və ya sarı rəngli kristallara «nabat»
demişlər. Ağ sapa düzülmüş
buza bənzər bu «şəkər parçaları»
əski zamanlardan bəri xalqımız arasında,
bir adət olaraq bayram mərasimi və toy-nişan
şirniyyatı tək işlənməkdədirlər.
* Bəllidir ki, Orta Asiya-Türküstanın
ayrı-ayrı yerlərində NOVRUZ
bayramı üçün müştərək
tərzdə göyərdilmiş buğda şirəsindən
özünəməxsus bir həlim bişirilir
ki, ayrı-ayrı yerlərdə ona «sumalək»,
«sümələq» və «səmənağ»
deyilir. Yurdumuzda əsas etibarilə novruzağzı
qış bayramları və mübarə k
YERÇƏRŞƏNBƏ
gecəsi hər ailə yaxud bir məhəllənin
sakinləri müştərək şəkildə
hazırlayıb yedikləri şirin məəcun
isə «səməni həlimi»
və ya «səməni mayası»
(ona «maya səməni»
və səhvən «halva»
da deyirlər) adlanır. *
Bundan ötrü SUÇƏRŞƏNBƏ
günü buğdanı «çərşənbə
suyu» ilə isladırlar. Üç gündən
sonra o, cücərməyə başladıqda onu
həsir və ya tabaq üzərinə yayaraq yenə
sular, «boy atmasın, çimini kökə versin» deyə,
üstünü örtüb basdırırlar. Əski
zamanlar bu müddət ərzində kişilər
gecə-gündüz buğdanın «keşiyini»
çəkib onu qorumuşlar. Bir həftəyə
buğdanın göyü 5-6sm.-ə qədər
qalxır və onun sıx ağ rişələri
bir-birinə qarışır. Bu zaman rişələri
və tazətər göyü parça-parça
doğrayıb həvəng və təknələrdə
həvəngdəstə yaxud yumru daşlarla yeddi
dəfə əzirdilər. Əldə edilmiş
horranı hissə-hissə, əl ilə bərk-bərk
sıxaraq şirəsini yığır, puçalını
aparıb axar sulara tökür, şirənin dibinə
yığılmış süd təki ağ qatı
mayeni isə uşaqlara içirirdilər. Adət-ənənəyə
görə, sonra həmin şirəni ağbirçək
və çoxuşaqlı qadınlar ələk
və ya süzgəcdən keçirib qazanlara tökdükdə
ona bir az buğda unu əlavə edirdilər. *
Səməni mayası, bir qayda olaraq təmiz çəmənlik
yaxud açıq bir tarlada (sonralar müqəddəs
pir və ya məscid yanında) bişirilirdi. Vaxtilə
çərşənbə axşamı gecə başlayıb
sübh çağı tamamlanan səməni büsatı
əsl el şənliyi, toya çevrilərək
el-oba içində «səməni
toyu» yaxud «sümənaq
toyu» adlanırdı. Belə ki, bu axşam
kəndin, məhəllənin yaşlı qadınları
və qız-gəlini, hərənin əlində
bir xonça, uşaqları ilə birlikdə bir
neçə ocaq üstə asılmış iki-üç
pudluq iri miss qazanın (onlara «daş qazan» demişlər)
başına toplaşır və meydanın hər
tərəfini əlvan xonçalarla bəzəyərək,
qazanların «qulluqunda» dururdular. Bəəzən
isə hamı əl-ələ verib ocaqların
ətrafına dövrə vurub rəqs edir, oxuyur
zarafatlaşıb gülüşürdülər.
* Əski adət-ənənəyə
görə, səməni mayasını, necə
deyərlər «əməli-saleh» qadınlar bişirməliydilər.
O, yaxşı qızarsın deyə, qazanların
altını hökmən qıpqırmızı,
sağlam cüssəli bir qadın yandırmalıydı,
Əyninə ağ paltar geymiş bir ağbirçək
(hamı onu «ocaqanası»
çağırırdı) uzun dəstəkli taxta
ərsin «palm» ilə qaynayan səməni şirəsini
daima qarışdırmalıydı. Şirə
həzin-həzin qaynadıqca qatılaşır
və tamam-kamal bişənə yaxın onun rəngi
qızarıb fındıq boyda həbbəciklər
atmaqa başlayırdı. Xalq arasında ona «səməninin
fındıq atması» deyilir. Elə
bu zaman qazanlara «acil», yəəni qabıqlı qoz-fındıq,
badam atılır və buna müvafiq – «səməniyə
saldım badam, ətrafımı aldı adam, qoymurlar
bir barmaq dadam, dərdi-bəlanı unudam…»
sözlərilə başlanan bir mərasim oxuması
ifa olunurdu Sonra bədnəzərdən ötrü
qazanların ağzına bir çimdik duz (şirənin
özünə duz qatmazlar) qoyulurdu. Səməni
bişib qurtardıqda qadınlar qazanları qaldırıb
üç dəfə pir və ya meydan ətrafına
gəzdirir və yenə öz yerlərinə qoyduqu
zaman: «səməni, ay
səməni, səndən mən can istərəm,damarıma
qan istərəm, gözlərimə işıq
ver, işıq ver, yaraşıq ver»
və bu kimi arzu-niyyətlər deyirdilər. Sonra
ağbirçək qadınlar bir-bir səməni
mayası ilə dolu qazanlara yanaşır,
onların yanına bir qədər pul, yumurta (bunlar
«ocaqanası»na
çatır) qoyaraq, qazanlara təəzim edir, sağ
əllərini üç dəfə qazanlara, sonra
isə dodağ və alınlarına çəkirdilər
ki, buna da xalq arasında «qazan
ziyarəti» deyirdilər. Bundan sonra hamı
meydançanı tərk edir və inanırdılar
ki, bu vaxt Xızırzında
pünhan gəlib bişmiş səməni
mayasını «qəbul edəcəkdir».
Bəəzən Xızırzındanın
əlinin izi açıq-aşkar görünsün
deyə, qazanların ağzına məcməyidə
un qoyurdular. * Səməni
mayasını, adətən səhər
tezdən yeyirdilər, «Ocaqanası»
qatı mayanı 8-10 nəfərlik iri tabaqlara doldurub,
nəzir-niyaz deyə-deyə onları səməni
büsatı iştirakçılarına paylayırdı.
Səməni mayası
şirin çıxarsa, o qəbul edilmiş, acıtam
olduqda isə «Xızırzında
nəzirimizi qəbul etmədi» deyirdilər.
Dədə-baba qaydasına görə, ilk əvvəl
sonsuz gəlinlərə və «əlləz»-xəstə
uşaqlara verilirdi. Yerdə qalan mayanı təbərrük
və novbar təki yeddi qapıya paylar, hər evin
payına düşən səməni
mayasına bir fındıq yaxud badam
atırdılar. Deyirlər ki, dadına baxmazdan əvvəl
mayanın içindəki qoz-fındığı
çıxarıb cibində yaxud pul kisəsində
gəzdirsən, dərd-bəladan uzaq olub varlanaraq,
həmişə pullu olarsan. Yaxud, onu xeyir-bərəkət
gətirən əziz bir nemət tək, gələn
bayrama qədər evdə saxlayırdılar. *
Bəəziləri səməni
mayasını səhvən «halva»
adlandırırlar. Əslinə qalarsa, «səməni
halvası» bu mayaya müəyyən
miqdar əlavə un, doşab və ya şəkər,
bir para ədviyyat, istiot qatıb onu xəmir təki
yoğurduqdan sonra sacda bişirib ardınca ona qoz
ləpəsi vurur və kiçik-kiçik hissələrə
ayırıb yarımkürə «qübbə» şəklinə
salırlar ki, ona «qübbə
səməni», «suman
və ya sühan halvası», bəəzən
isə «İsfahan halvası»
deyirlər. * Bu halva ilə
yanaşı el-oba içində «şəkərpara
halva» deyilən digər bir məəcun
da bişirilir ki, burada buğda ununu aramla qızararaq
üzərinə şərbət, yaxud doşab
töküb qatılaşana qədər qarışdırırlar.
Əcdadımızın düşünüşünə
görə, hər iki halva bədənə güc-qüvvət
gətirir, insanı kökəldir, sinir sistemi və
cinsi fəaliyyət üçün xeyli faydalıdır.
Adət üzrə, qış günləri əncir
doşabı ilə un qarışığından
bişirilib yalnız qurudulduqdan sonra yeyilən «zincilfərəc»
də həmin qəbildən olan şirin məəcunlardan
biridir. * Halvanın digər
növü sayılıb ibtidası çox əski
zamanlarla bağlı olan «quymaq»
xörəyi uzun müddət xəstə və
taqətsizlərə verilən bir məəcun
təki tanınmış, son zamanlar nə səbəbdənsə
yalnız doğum zamanı və ondan sonrakı
dövrdə zahıya yedirdilən xüsusi bir yemək
kimi şöhrət tapmışdır.Bu məəcunu
yemiş zahı sən demə, həm ruhən,
həm cismən təəmin olunurdu. O, qısa bir
müddətdə, ən çoxu 10 gündən
sonra artıq yatağından qalxıb işinə-gücünə
qayıdırdı. Quymağı çalmaqdan ötrü
unu kiçik odda yağda qızardır və qarışdıra-qarışdıra
arabir ona su tökür, zəfəran, sarıkök,
duz əlavə edərək yağ damlaları üzərinə
çıxana qədər bişirir, ardınca üstünə
bal yaxud şərbət(bizim günlər şəkər
siropu) töküb yeyirlər. Bu məəcunun yalnız
duzla bişirilmiş bir başqa növünə
«əsəday»
demişlər. * Dünyagörmüş
nənələrimizin söylədiyinə görə,
ötənlərdə mamaça və iki ağbirçək
qadın tərəfindən çalınan quymaq
hökmən müvafiq ayinlə müşayiət
olunmalıymış. Belə ki, hamı (qaydaya
görə burada yeyənlərin sayı tək
olmalı) süfrə başına əyləşdikdə
iki yandan quymaqla dolu tavadan yapışmış
ağbirçəklər üç dəfə onu
süfrəyə qoyub qaldıraraq: «deyə-deyə
gəlib, gülə-gülə gedin»
demişlər. Süfrə başındakılar
quymaqı yedikdən sonra əl çalıb ucadan
gülüşürmüşlər. *
Bu sadə tərkibli məəcunların hazırlanması,
söz yox ki, əksər ailələrin maddi imkanı
çərçivəsində olmuşdur. Orta çağlarda
dövlət sarayları və vəzifə sahiblərinin
evlərində süfrəyə gətirilən
mürəkkəb tərkibli məəcunlar yalnız
varlı ailələrə məxsus olmuşdur.
* Məəlum olur ki, Osmanlı
səltənətinin Ali sarayında ərsəyə
gətirilən «məsir»
adlı bir NOVRUZ
məəcunu bir vaxtlar hədsiz şöhrət
qazanmışdı. Əski yazılarda həmin
məəcun «padzəhr» məqsədilə hazırlanan
bir məlhəm kimi qeyd olunur. İş burasındadır
ki, bir zamanlar ayrı-ayrı tacidarlar zəhərlənməməkdən
ötrü özləri üçün tərkibi
hər vasitə ilə məxfi saxlanılan xüsusi
məəcunlar hazırlatdırmışlar. Hələ
5000 il bundan əvvəl bəlli olub tərkibi 54
maddədən ibarət «məsir»sən
demə qədim Misirdə firoonlar dövrü ilin
müəyyən vaxtı (ola bilsin İLBAŞINDA
// YAZGÜNTƏNİ bayramı ərəfəsində),
tacidar üçün məəbədlərin birində
tərtiblənən bir məəcun olmuşdur.
Yaxın Şərq saraylarında «məsir»
hazırlamaq ənənəsi orta çağlardan
başlayaraq bizim yüzilə kimi özünəməxsus
yer tutmuşdur. * Vaxtilə
İLBAŞINDA // NOVRUZ
bayramı münasibətilə Osmanlı səltənəti
və Səfəvilər dövləti saraylarında
«nevruziyyə»
yaxud «novruziyə»
deyilən mürəkkəb tərkibli bir məəcunun
hazırlanması üçün saray xəzinəsindən
külli miqdarda vəsait ayrılmışdır.
Həmin «novruziyə»nin
tərkibinə gəldikdə, adətən Səfəvilər
sarayındakı bayram ziyafətləri süfrəsi
üçün vacib sayılan «yeddisin
xonçası»nın tərkibinə
istinad olunur. Düzünə qalarsa, onun tərkibi
bu xonçanın tərkibilə heç bir əlaqəsi
yoxdur. * Xoşbəxtlikdən
bu yaxınlarda mütəxəssislər ortaçağ
saraylarında hazırlanan «novruziyə»
məəcunun tərkibini aşkar etmişlər.
Həmin aşkarlamaya görə, bu məəcunun
tərkibi aşağıdakı maddələrdən
ibarət olmuşdur:
* 200
oqqa (təxm.256qr.) ağ şəkərə 2 oqqa
(2.566qr.) gülab, 250 dirhəm (780qr.) darçın
qabığı qatır və elə həmin miqdarda
qırmız və çiçək qurusu, 80 dirhəm
(250qr.) sabünotu. 50 dirhəm (156 qr) mixək, hərəsindən
30 dirhəm (təxm. 100qr.) keşniş toxumu, xırda
hind qozu və vanil tozu, 25 dirhəm (80qr.) sünbüli-hindi,
15 dirhəm (50qr.) havlıcan kökü əlavə
edir, elə o qədər də hil, şirinbadam
yağı. Sonra yenə hərəsindən 10 dirhəm
(30 qr.) mələkotu və zəncəfil tozu, 8
dirhəm (25 qr.) öd ağac (aloe), 3 dirhəm (
9qr.) ənbər, 2 dirhəm (6qr.) müşk, üstəgəl
hələlik miqdarı bizə bəlli olmayan –
qırmızı bibər, qara istiot, cirə, zirə,
saqqız, zəfəran, xardal toxumu, biyan kökü,
razyana, rəvənd kökü, lumu duzu, portağal
qabığı, qara çörəkotu və s.
* Gördüyümüz
kimi, tərkibi bir qayda olaraq 40-50 maddənin qarışığından
ibarət «novruziyə»nin
hazırlanması təbiidir ki, orada işlədilən
ədviyyatın hansı miqdarda, nə vaxt istifadə
edilməsi xüsusi məharət, uzun təcrübə,
incə həssaslıq tələb edirdi. Bu məəcun
bayramdan bir gün əvvəl saray həkimbaşılarının
ciddi nəzarəti altında yoğrularaq, ayrı-ayrı
vəzifə sahiblərinə qızıl, gümüş
və ya büllur masqura və camlara doldurulur, üzərinə
qızıl tozu və qırmızı rəngli
xüsusi «novruzşəkəri»
səpilirdi. Bayram axşamı onları ayrıca
sinilərə düzərək qiymətli zərbaf
parçalara büküb əlvan lent və tüllərlə
bəzədikdən sonra, üstünə mahir xəttatların
qızılı mürəkkəblə yazdıqları
«təbriknamə»lər
sancıb xonçalarda ayrı-ayrı evlərə
göndərmişlər. Keçmişin insanları
inanmışlar ki, bu ləzzətli «novruziyə»dən
səhər erkən, ac qarına yesən, şəfa
tapa bilərsən. Bu məəcun insana sakitlik,
dinclik təlqin etməklə yanaşı, tərkibindəki
ədviyyatın təəsirindən qızışdırıcı
xüsusiyyətlərə də malik olmuşlar.
* «Novruziyə»
hazırlayıb paylamaq adət-ənənəsi
uzun müddət öz əhəmiyyətini itirməmiş,
bayram günləri istər Osmanlı səltənəti,
istər Səfəvilər dövlətində
tərkibi vurtut bir neçə maddədən ibarət
olub əlvan kağızlara bükülmüş
məhəlli «novruziyə»lərinin
məscid minarələri başından aşağıda
(orada, bir qayda olaraq bimarxana, xanəgah və hamamlar
yerləşirdi) toplanmış camaatın başına
atırdılar. Onları tutub yeyən uşaq, əlil
və xəstələr arxayındılar ki, təzə
il ərzində onlar daha qüvvətli və davamlı
olacaq, bədənləri əsla xəstəlik
görməcəkdır.
* Sonrakı dövrlər
hər il martın 21-də yerli hakim və varlı
şəxslərin ailə üzvlərinin ayırdıqı
vəsait hesabına hazırlanan NOVRUZ
məəcunları da müxtəlif adlar altında
və yenə minarə və damlardan atmaq yolu ilə
xalqa paylanırdı. Bununla yanaşı, həmin
zamanlar artıq əczaxanalarda camaata, guya tərkibi
əski məəcunları xatırladan bir «qüvvət»
məəcunu da satılmışdır. Əfsuslar
olsun ki, son yüzillər mübarək NOVRUZ
bayramı üçün məəcun hazırlamaq
adət-ənənəsi büsbütö unudularaq
bayram tədbirlərindən birdəfəlik çıxarılmışdır
.
|