Azərbaycanlilarin
soyqirimi haqqinda azərbaycan respublikasi prezidentinin
fərmani
Azərbaycan Respublikası müstəqillik
qazandıqdan sonra xalqımızın tarixi keçmişinin
obyektiv mənzərəsini yaratmaq imkanı əldə
edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə
qadağa qoyulmuş həqiqətlər açılır,
təhrif edilmiş hadisələr özünün
əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə
törədilmiş və uzun illərdən bəri
öz siyasi-hüquqi qiymətini almamış
soyqırımı da tarixin açılmamış
səhifələrindən biridir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan
və Türkmənçay müqavilələri
Azərbaycan xalqının parçalanmasının,
tarixi torpaqlarımızın bölünməsinin
əsasını qoydu. Azərbaycan xalqının
bu milli faciəsinin davamı kimi onun torpaqlarının
zəbti başlandı. Qısa bir müddətdə
bu siyasət gerçəkləşdirilərək
ermənilərin kütləvi surətdə Azərbaycan
torpaqlarına köçürülməsi həyata
keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının
işğalının ayrılmaz bir hissəsinə
çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının
ərazilərində məskunlaşdırılan
ermənilər orada yaşayan azərbaycanlılarla
müqayisədə azlıq təşkil etmələrinə
baxmayaraq öz havadarlarının himayəsi altında
"Erməni vilayəti" adlandırılan inzibati
bölgünün yaradılmasına nail oldular.
Belə süni ərazi bölgüsü ilə,
əslində, azərbaycanlıların öz
torpaqlarından qovulması və məhv edilməsi
siyasətinin bünövrəsi qoyuldu. "Böyük
Ermənistan" ideyaları təbliğ olunmağa
başlandı. Bu uydurma dövlətin Azərbaycan
torpaqlarında yaradılmasına "bəraət
qazandırmaq məqsədilə" erməni xalqının
tarixinin saxtalaşdırılmasına yönəlmiş
geniş miqyaslı proqramlar reallaşdırıldı.
Azərbaycanın və ümumən Qafqazın
tarixinin təhrif olunması həmin proqramların
mühüm tərkib hissəsini təşkil
edirdi.
"Böyük Ermənistan" yaratmaq xülyasından
ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə
azərbaycanlılara qarşı açıq şəkildə
geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər.
Ermənilərin Bakıdan başlanan vəhşilikləri
Azərbaycanı və indiki Ermənistan ərazisindəki
Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə
yaşayış məntəqəsi dağıdılıb
yerlə yeksan edildi, minlərlə azərbaycanlı
vəhşicəsinə qətlə yetirildi. Bu
hadisələrin təşkilatçıları
məsələnin mahiyyətinin açılmasına,
ona düzgün hüquqi-siyasi qiymət verilməsinə
maneçilik törədərək azərbaycanlıların
mənfi obrazını yaratmış, özlərinin
avantürist torpaq iddialarını pərdələmişlər.
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş
1917-ci il fevral və oktyabr çevrilişlərindən
məharətlə istifadə edən ermənilər
öz iddialarını bolşevik bayrağı
altında reallaşdırmağa nail oldular. 1918-ci
ilin mart ayından etibarən əks-inqilabçı
ünsürlərlə mübarizə şüarı
altında Bakı Kommunası tərəfindən
ümumən Bakı quberniyasını azərbaycanlılardan
təmizləmək məqsədi güdən
mənfur plan həyata keçirilməyə başlandı.
Həmin günlərdə ermənilərin törətdikləri
cinayətlər Azərbaycan xalqının yaddaşına
əbədi həkk olunmuşdur. Minlərlə
dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə
görə məhv edilmişdir. Ermənilər
evlərə od vurmuş, insanları diri-diri yandırmışlar.
Milli memarlıq incilərini, məktəbləri,
xəstəxanaları, məscid və digər
abidələri dağıtmış, Bakının
böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı,
Şamaxı, Quba qəzalarında, Qarabağda,
Zəngəzurda, Naxçıvanda, Lənkəranda
və Azərbaycanın başqa bölgələrində
xüsusi qəddarlıqlarla həyata keçirilmişdir.
Bu ərazilərdə dinc əhali kütləvi
surətdə qətlə yetirilmiş, kəndlər
yandırılmış, milli mədəniyyət
abidələri dağıdılıb məhv
edilmişdir.
Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra
1918-ci ilin mart hadisələrinə xüsusi diqqət
yetirmişdir. Nazirlər Şurası 1918-ci il
iyulun 15-də bu faciənin tədqiqi məqsədilə
Fövqəladə İstintaq Komissiyasının
yaradılması haqqında qərar qəbul etdi.
Komissiya mart soyqırımını, ilkin mərhələdə
Şamaxıdakı vəhşilikləri, İrəvan
quberniyası ərazisində ermənilərin
törətdikləri ağır cinayətləri
araşdırdı. Dünya ictimaiyyətinə
bu həqiqətləri çatdırmaq üçün
Xarici İşlər Nazirliyi nəzdində xüsusi
qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının
31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti
tərəfindən ümummilli matəm günü
kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara
qarşı yürüdülən soyqırımı
və bir əsrdən artıq davam edən torpaqlarımızın
işğalı proseslərinə tarixdə ilk
dəfə siyasi qiymət vermək cəhdi idi.
Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu
bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz
çirkin məqsədləri üçün istifadə
edən ermənilər 1920-ci ildə Zəngəzuru
və Azərbaycanın bir sıra digər torpaqlarını
Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı
dövrdə bu ərazilərdəki azərbaycanlıların
deportasiya edilməsi siyasətini daha da genişləndirmək
məqsədilə yeni vasitələrə əl
atdılar. Bunun üçün onlar SSRİ Nazirlər
Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən
kolxozçuların və başqa azərbaycanlı
əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında" xüsusi
qərarına və 1948-1953-cü illərdə
azərbaycanlıların öz tarixi torpaqlarından
kütləvi surətdə deportasiyasına dövlət
səviyyəsində nail oldular.
Erməni millətçiləri öz havadarlarının
köməyi ilə 50-ci illərdən etibarən
Azərbaycan xalqına qarşı kəskin mənəvi
təcavüz kompaniyasına başladılar. Keçmiş
sovet məkanında müntəzəm şəkildə
yayılan kitab, jurnal və qəzetlərdə
milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq
abidələrimizin ən nəfis nümunələrinin
erməni xalqına mənsub olduğunu sübut
etməyə çalışırdılar. Eyni
zamanda onlar tərəfindən bütün dünyada
azərbaycanlıların mənfi obrazını
formalaşdırınaq cəhdləri də güclənirdi.
"Yazıq, məzlum erməni xalq"ının surətini
yaradaraq əsrin əvvəlində regionda baş
verən hadisələr şüurlu surətdə
təhrif olunur, azərbaycanlılara qarşı
soyqırım törədənlər soyqırım
qurbanları kimi qələmə verilirdi.
Əsrin əvvəlində əksər əhalisi
azərbaycanlı olan İrəvan şəhərindən
və Ermənistan SSR-in digər bölgələrindən
soydaşlarımız təqiblərə məruz
qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların
hüquqları ermənilər tərəfindən
kobudcasına pozulur, ana dilində təhsil almasına
əngəllər törədilir, onlara qarşı
repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin
tarixi adları dəyişdirilir, toponimika tarixində
misli görünməyən qədim toponimlərin
müasir adlarla əvəzolunma prosesi baş verir.
Saxtalaşdırılmış erməni tarixi
gənc ermənilərin şovinist ruhunda böyüməsinə
zəmin yaratmaq üçün dövlət siyasəti
səviyyəsinə qaldırılır. Böyük
humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı
və mədəniyyəti ruhunda tərbiyə
olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının
təqiblərinə məruz qalır.
Azərbaycan xalqının mənəviyyatına,
milli qüruruna və mənliyinə yönəlmiş
böhtanlar siyasi və hərbi təcavüz üçün
ideoloji zəmin yaradırdı. Xalqımıza
qarşı aparılan soyqırım siyasəti
özünün siyasi-hüquqi qiymətini tapmadığı
üçün tarixi faktlar sovet mətbuatında
ermənilər tərəfindən təhrif olunur
və ictimai fikir çaşdırıldırdı.
Ermənilərin Sovet rejimindən bəhrələnərək
həyata keçirdikləri və 80-cı illərin
ortalarında daha da güclənən antiazərbaycan
təbliğatına Azərbaycan Respublikasının
rəhbərliyi vaxtında lazımi qiymət vermədi.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq
Qarabağ konfliktinin ilkin mərhələsində
yüz minlərlə azərbaycanlının öz
tarixi torpaqlarından qovulmasına da respublikada
düzgün siyasi qiymət verilmədi. Azərbaycanın
Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan
SSR-in tərkibinə daxil edilməsi haqqında
ermənilərin qeyri-konstitusiyon qərarını
və Moskvanın əslində bu vilayəti Xüsusi
İdarəetmə Komitəsi vasitəsilə
Azərbaycanın tabeliyindən çıxarmasını
xalqımız ciddi narazılıqla qarşıladı
və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti
qarşısında qaldı. Respublikada keçirilən
mitinqlər zamanı torpaqlarımızın işğalı
siyasəti qətiyyətlə pislənsə də
Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən
əl çəkmədi. Məhz elə bunun nəticəsi
olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən
xalq hərəkatını boğmaq məqsədilə
Bakıya qoşunlar yeridildi, yüzlərlə
azərbaycanlı məhv və şikəst edildi,
yaralandı, digər fiziki təzyiqlərə
məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı
şəhərinin əhalisinə misli görünməyən
divan tutdu. Tariximizə Xocalı soyqırımı
kimi həkk olunan bu qanlı faciə minlərlə
azərbaycanlının məhv edilməsi, əsir
alınması, şəhərin yerlə yeksan
edilməsi ilə qurtardı.
Millətçi-separatçı ermənilərin
Dağlıq Qarabağda başladığı
avantürist hərəkətin nəticəsi
olaraq bu gün bir milyondan artıq soydaşımız
erməni qəsbkarları tərəfindən
öz doğma yurd-yuvalarından didərgin salınmış,
çadırlarda yaşamağa məhkum edilmişdir.
Ərazimizin 20 faizinin erməni silahlı qüvələri
tərəfindən işğalı zamanı
minlərlə vətəndaşımız şəhid
olmuş, xəsarət almışdır.
Azərbaycanın XIX-XX əsrlərdə baş
verən bütün faciələri torpaqlarının
zəbti ilə müşayiət olunaraq, ermənilərin
azərbaycanlılara qarşı düşünülmüş,
planlı surətdə həyata keçirdiyi soyqırımı
siyasətinin ayrı-ayrı mərhələlərini
təşkil etmişdir. Bu hadisələrin yalnız
birinə - 1918-ci il mart qırğınına
siyasi qiymət vermək cəhdi göstərilmişdir.
Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi Azərbaycan
Respublikası bu gün onun axıra qədər
həyata keçirə bilmədiyi qərarların
məntiqi davamı olaraq soyqırım hadisələrinə
siyasi qiymət vermək borcunu tarixin hökmü
kimi qəbul edir.
Azərbaycan xalqına qarşı törədilmiş
bütün soyqırım faciələrini qeyd
etmək məqsədilə qərara alıram:
1. 31 mart Azərbaycanlıların Soyqırımı
Günü elan edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə
tövsiyə olunsun ki, azərbaycanlıların
soyqırımı ilə bağlı hadisələrə
həsr olunmuş xüsusi sessiyanın keçirilməsi
məsələsinə baxsın.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 mart 1998-ci il