Qadın və kişi
ayaqqabısı. XIX - XX əsrin əvvəlində
Azərbaycanda kişi və qadın ayaqqabılarının
bir neçə növü mövcud idi. Azərbaycanlılar,
xüsusən kəndilər arasında ən çox
yayılmış ayaqqabı növü – çarıqlar
idi ki, onlar ya iribuynuzlu qaramalın xam, kəndlilərin
özlərinin e”mal etdiyi dərisindən (gönündən),
ya da daha mükəmməl üsulla e”mal olunmuş
dəridən – aşılanmış göndən
tikilirdi. Sonuncular daha bahalı idi və onları
varlı kəndlilər geyinirdi, xam dəridən
hazırlananları isə (ucuz mal kimi) kasıblar.
Çarıqları yun corabların və ya pambıq
parçadan dolamaların (partava, dolaq)üzərindən
geyirdilər. Kasıb kəndilər onları həm
gündəlik, həm də bayramlarda geyirdilər.
Bir neçə çarıq növünə təsadüf
olunurdu: təkburun, şirazı, qızqaytaran,
şatırı, quşburun, şirvani, kalmani,
şirmai və s. Çarıqlar iki növ bağla
bağlanırdı: - ya börmə yun (toxunma
bağ), ya da əyrilmiş (eşmə) bağla.
Hər birinin uzunluğu corabların tipindən
asılı olaraq 130-150 sm-ə çatırdı.
Əgər corab dizə qədər geyilirdisə,
onda uzun bağdan istifadə olunurdu.
Digər ayaqqabı növü yüngül çüvək/çust
(mexs) idi ki, onları əsasən qara tumacdan tikirdilər,
dabansız olurdu, ona görə də onları
əsasən evdə geyirdilər. Hər iki cinsin
nümayəndələri üçün, xüsusən
şəhərlərdə ən çox yayılmış
ayaqqabı növü dabanlı (pollu başmaq,
məxməri başmaq), dal hissəsi olmayan, dik
burunla dəri başmaqlar idi. Onları şəhərlərdə
çəkməçilərə (başmaqçi)
sifariş verirdilər. Bu başmaqları İrandan
gətirilmiş tumac, məxmər və ya dəridən
tikirdilər. Onları həm kişilər (mərdənə
başmaq), həm də qadınlar (zənanə
başmaq) geyirdi.
Bakı və Abşeronda kişilər dabansız
yüngül yay çustları geyirdilər, dübəndi
adlanan bu ayaqqabılar yuftdan (meşindən) tikilirdi.
Onlar iki iplə bağlanır və gündəlik
ayaqqabı hesab olunurdu. 
XIX əsrin sonu – XX əsrin əvvəlində
yerli ayaqqabı Avropadan gələn növlərlə
sıxışdırılır. Sonuncu şəhərlərdə
yerli burjuaziya arasında, sonra isə kənd yerlərində
yayılmağa başladı. Nəticədə,
XIX əsrin sonunda başmaqçıların sayı
kəskin surətdə azaldı.
Milli ayaqqabının əsas elementlərindən
biri (həm kişilərdə, həm qadınlarda)
naxışlı yun və pambıq corablar idi.
Azərbaycanda elə bir yer yox idi ki, orda corab geyməsinlər.
Onları qadınlar toxuyurdu, bunun üçün
həm qoyun, həm də dəvə yunundan istifadə
edirdilər. Soyuq zonada uzunboğaz və şıx
corablar, mülayim iqlimi olan ovalıqda isə qısaboğaz
corablar toxunurdu. Corablar həm adi, həm də
təntənəli günlər üçün
nəzərdə tutulunurdu. Bəzəkli corablar
satışa gedirdi, onları kənd təsərrüfatı
məhsullarına dəyişirdilər. Qarabağda
corabları xalça ornamenti ilə (naxışıyla)
toxuyurdular (onlar “gəbə corabı” adlanırdı).
Gəlinin cehizinə daxil olan corabların gözəlliyinə
xüsusi diqqət verirdilər. Corabların ən
yaxşı nümunələri nəsildən
nəslə keçirdi.
Kişilərinkindən fərqli olaraq, qadın
corabları adətən parlaq, çoxrəngli
olub gözəl və mürəkkəb rəsmlər
və sıx, dolğun rəng ahəngiylə
zəngin idi. Əksər hallarda, kişi corabları
birrəng və ya sadə naxışlı (ağ,
qara və s.) olurdu. Corabları bağlamaqcün
həmin yun ipdən qotazları olan bağdan istifadə
olunurdu. Baxmayaraq ki, corabların regionlar üzrə
müxtəlif növləri mövcud idi, onların
toxunma üsulları bir-birindən seçilmirdi.
Yalnız naxış fərqlənirdi.